Şəhidimizin xatirəsi anılıb - FOTO
Azərbaycan igidləri Şəhid və ya Qazi olmaq şərəfinə nail olaraq, həyatı əbədi və ölümsüz edən inancları ilə ölümü gözlərində alçaldaraq, əbədiyyət dastanına çevirmişlər. Şəhidliyin uca bir zirvə, ən şərəfli məqam olması haqqında ayələr, beyitlər, şeirlər və dastanlar yazılmış, gözəl kəlamlar deyilmişdir. Bu zirvəyə yalnız onun fəzilətini dərk edənlər layiq görülür.
Belə qəhrəman oğullarımızdan biri də Məmmədov Sənan Hidayət oğludur. Sənan, 11 yanvar 2018-ci ildə Tərtər rayonu ərazisində ön mövqedə xidməti vəzifəsini yerinə yetirərkən düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimizin anım günü münasibətilə Culfa rayonunun Yaycı kəndində Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin Culfa rayon sektorunun nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarı başında xatirəsini yad etmişlər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidimizin ruhuna Quran ayələri oxunub və dualar edilib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan xalqı əsrlər boyu tarixin həm ağrılı-acılı, həm də qürurverici anlarına şahid olmuşdur. Vətən müharibəsində qazanılmış Şanlı Qələbə isə tariximizin ən parlaq səhifələrindən biri olaraq gələcək nəsillər üçün qürur mənbəyi kimi qalacaq. Bu gün də rəşadətli ordumuzun mərd əsgərləri dövlətimizin ərazi bütövlüyünü qorumaq və hər cür təhdidin qarşısını almaq üçün bütün qüvvələrini səfərbər edirlər.
Tədbirin sonunda xatirə fotoları çəkilib, şəhidin doğulduğu evdə ehsan süfrəsi açılıb.
Sənan Məmmədovun həyat yolu
Sənan Hidayət oğlu Məmmədov 28 iyun 1998-ci ildə Culfa şəhərində dünyaya göz açıb. Ailədə iki qardaşdan böyüyü olan Sənan, kiçik qardaşı Hicrana həm örnək olmuş, həm də onun qayğısına qalmışdır. 2004-cü ildə Culfa şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Orta məktəb illərində dostcanlılığı və mehribanlığı ilə seçilən Sənan dərslərini də yüksək səviyyədə oxuyurdu.
8-ci sinifdə oxuyarkən hərb sənətinə maraq göstərən Sənan 2012-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Liseyi müvəffəqiyyətlə bitirən Sənan, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmiş, lakin səhhətində yaranan problemlərə görə ikinci kursdan təhsilini yarımçıq qoymağa məcbur olub. Buna baxmayaraq, Vətən sevgisi ilə könüllü olaraq Tərtər rayonunda düşmənlə üzbəüz mövqelərdə xidmət edib.
2017-ci ilin oktyabrında atası Hidayət bəy Sənanı xidmət etdiyi hərbi hissədə ziyarət edir. Lakin 10 gün sonra düşmən təxribatı nəticəsində Sənan yaralanır. Evdə müalicə aldığı müddətdə yaralı olduğunu ailəsindən gizlədən Sənan, yalnız anasının təsadüfən sarğıları görməsi ilə vəziyyətini açıqlayır. Bu müddətdə ailəsindən üzərində Azərbaycan bayrağı olan qol saatı istəyən Sənan, bir gün şəhid olacağı halda bu saatın anasına qayıdacağını söyləyir.
2018-ci il yanvarın 11-də Sənan, Tərtər rayonunda qəhrəmancasına şəhid olur. Culfa şəhərində qəhrəman şəhidinə son vida mərasimi keçirilir və Yaycı kəndində dəfn edilir.
Azərbaycan xalqı şəhidlərinin əziz xatirəsini hər zaman yaşadacaq, onların igidliyini gələcək nəsillərə örnək göstərəcəkdir.
Ruhunuz şad olsun, uca şəhidlərimiz!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü