
Saman çöpünə pənah
Bu həyat adlı bilinməyən, əslində isə sonu bəlli olan up-uzun, həm də qısa yolçuluqda bütün insanlıq eyni gəmidə yol alır. Bu gəmi batdığında kimimiz bir saman çöpünə tutunub həyatda qalacaq, kimimizsə dənizin qaranlıq sularında sonsuzluğa qərq olacağıq. Amma son yoxdur. Tanrının yaratdığı müqəddəs varlıq olan insan var.
Ulu yaradanın möcüzələrindən ən mükəmməli olan insan ana bətninə düşdüyündə hüceyrələr sanki dənizin şəffaf sularında oynaşan dəniz ulduzları kimi öz yönünü tapır. Orqanlar formalaşdıqca sanki ilmələr inci kimi ard-arda düzülüb, mükəmməl ardıcıllıqla bir-birini tamamlayır. Qan ürəkdən damarlara yayıldıqca, sanki susuz səhranın cadarlamış torpağına can gəlir və səhranın bütün çatları al-qırmızı lalədən don geyinirmişcəsinə mükəmməl bir rəsm əsəri ortaya çıxarır. Beləcə, təbiət yaratdığı insanla insanlaşır.
Bəs insan oğlu necə? Kainata bəxş edilmiş bu gözəl rəsm əsərini, rənglərin çalarını qoruyub saxlaya bilirmi? Məncə ...
Nəqqaşı Xaliq olan rəsmi zədələyib, xələl gətiririk insanlığın təməlinə. Bu təməl sağlamdırsa, hansı yaşda olursan ol səhvlərindən dərs çıxara bilirsənsə demək ki, kamilləşməyə doğru yol alırsan.
Deyirlər bədənimizi sevərik, torpaq alar. Ruhumuzu sevərik, yaradana təslim olar. Malı-mülkü çox sevərik o, da əbədi dünyaya getdiyimizdə bir zərrəsini belə götürə bilməyəcəyimiz tör-töküntüyə, günah yükünə dönər.
Bəs bizim davamız nə üçündür bu yalan dünyada? Niyə haqqı nahaqdan, xeyiri şərdən ayırmadan, kimlərinsə quyusunu qazaq deyə gecə-gündüz pis niyyətlərimizlə beynimizi boş-boşuna yoruruq? Bəzən qatıldığımız ortamlarda biriləri sanki, iblis ilanın qarnında cənnətə girirmiş kimi içəri girər və o anda cənnət ağacından almanı yeyirmiş kimi bir hiss yaranar insanda. Bu, həmin insanın xisləti ilə əlaqəlidir. Axı, biz Adəmin törəmələriyik. Amma onun törəmələri olsaq da insanlığı ondan örnək götürə bilməmişik. Axı, ağac arxasında gizlənməyə onu vadar edən bəzi insanların unutduğu ar damarı idi. Hətta bəzi insanlar Allahın gözəl kəlamı olan salama belə dəyməz. Çünki onlar insani keyfiyyətlərdən bac almayıblar. Hansı sənətin, peşənin sahibi olursan ol- istər həkim, istər hakim, istər alim, istərsə də sadə bir bənna. Bunlar sadəcə bir peşə və ya bir sənətdir. Nə qədər gözəl geyinsən də, kəlmələri inci kimi ard-arda düzüb danışsan da, insani keyfiyyətlərə sahib deyilsənsə demək ki, bu peşən, gözəl geyimin, səlis danışığın səni əbədi həyatda heç bir mərtəbəyə yüksəltməyəcək. İnsan, insanlıqla yüksələcək. Sevək həyatı, sevək insanlığı, sevək insanı. Necə ki, Sabir deyirdi:
Kim ki, insanı sevər, aşiqi hüriyyət olur.
Hüriyyət olan yerdə insaniyyət olur.
Yox kimdəsə mərhəmətlə vicdan,
İnsanlığı hər an unutdu insan.
Düşünürəm ki, hər bir insan vicdanı ilə mütləq qarşısında ən səmimi dostu varmış kimi danışmalıdır. Çünki, vicdan sənin bütün çirkabını üzünə vuran, gecələr başının altındakı yastığı daşa döndərən ən dürüst dostundur. Vicdana, mərhəmətə, insanlığın fəzilətinə üz çevirənlər isə dənizin qaranlığında qərq olmağa məhkumdular.
Bu həyat adlı bilinməyən, əslində isə sonu bəlli olan up-uzun, həm də qısa yolçuluqda pənah gətirdiyimiz “saman çöpü” insanlığımız olsun.
Nüşabə ƏLİYEVA