
Restoranlarda servis haqqı hansı hallarda qanuni olur ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Bir neçə gün əvvəl restoranların birində yemək yedikdən sonra hesab ödəyərkən çekdə 10 % əlavə servis haqqı yazıldığını gördüm, amma bu barədə menyuda hər hansı bir məlumat qeyd olunmamışdı. Həmin restoranın məndən servis haqqı alması doğrudurmu?
Cavab: Xeyr, bu, doğru deyil, belə ki, menyuda qeyd edilmədən hər hansı faizin tutulması, musiqi və digər əyləncələrə görə əlavə ödənişin tələb edilməsi tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Bu kimi hallarla rastlaşdıqda 195-1 Çağrı Mərkəzi və ya rəsmi internet səhifəsi vasitəsilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.
Sualı cavablandırdı: Culfa Rayon Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas - Tural Tarverdiyev