“Regional İnkişaf” İctimai Birliyi Azad Mirzəcanzadə adına inkişaf proqramına start verib

“Regional İnkişaf” İctimai Birliyi Azad Mirzəcanzadə adına inkişaf proqramına start verib

29 Sentyabr 2023

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) akademik Azad Mirzəcanzadə adına inkişaf proqramına start verib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, ölkədə yeni təşəbbüs olan proqram elmi əsərləri, təşkilati, pedaqoji fəaliyyəti, unikal tədris üslubu, həmçinin insanların istedadını aşkara çıxarmaq bacarığı ilə fərqlənən görkəmli alimin elmi, ictimai proseslərə özünəməxsus yanaşmaları əsasında həyata keçirilir.

Proqram paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır.

Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları işçi qrupu tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri ikinci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Proqrama qoşulmaq istəyənlər qeydiyyatdan keçərək anket formasını doldurmalıdır. Proqramda 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı iştirak üçün müraciət edə bilər. Layihə ideyalarının Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunması mümkündür. Qeydiyyat 2023-cü il oktyabrın 25-dək davam edəcək. Əlavə məlumat üçün “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzi ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, texniki elmlər doktoru, professor və Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş Azad Mirzəcanzadə 500-ə yaxın elmi məqalə və 50-dən çox ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 250-dən çox fəlsəfə və 100-dən çox elmlər doktoru hazırlanmışdır. Müxtəlif elmi ad və titullara sahib olan görkəmli alim, Azərbay­­canın “İstiqlal” ordeni ilə təltif olunub.