Redaksiyamıza sual: HÜQUQ MƏSLƏHƏTİ
Sual: Atamızdan qalan mənzil mənim və iki qardaşımın paylı mülkiyyətindədir. Qardaşlarımdan biri bizim xəbərimiz olmadan öz payını girov qoyaraq bankdan pul götürüb. Bilmək istəyirəm ki, qardaşım payını girov qoyarkən bizim razılığımız alınmalı idimi? Qardaşım krediti ödəmədiyi halda, mənzilin bizdən alınması təhlükəsi varmı?
Cavab: Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. “İpoteka haqqında” qanunun 8.2-ci maddəsinə görə də ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir. Beləliklə, qardaşınız bütövlükdə mənzilə deyil, yalnız öz payına dair sərəncam verdiyindən (payını girov qoyduğundan) bunun üçün sizin və digər qardaşınızın razılığına qanunla tələb yoxdur. Qardaşınız kredit borcunu ödəyə bilməyəcəyi təqdirdə də kreditor tərəfindən hər hansı iddia, tutma mənzilə deyil, yalnız borclunun həmin mənzildəki payına yönəldilə bilər. Başqa sözlə, mənzilin sizdən alınması təhlükəsi mövcud deyildir.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimov