Ramin Məmmədov: Sammitin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühümdür
Dini liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər:
“Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var. Dini liderlərin sammiti, inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər birimizi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək”.
R.Məmmədov qeyd edib ki, dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq:
“Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər. Dövlətlərin beynəlxalq münasibətlər sistemində iddialarının və insanların həyatda hədəflərinin olduğu reallıqdır. Lakin bu iddia və hədəflər yaşadığımız planetə, təbiətə, ətraf mühitə qarşı ədalətsizliklə nəticələnən fəaliyyətlər hesabına həyata keçirilməməlidir. İddialarımızı və hədəflərimizi ədalət hissimizlə tənzimləsək, bəşəriyyətin gələcəyini xilas edə bilərik. Dini liderlərin sammiti bu orta xətti tapmaqda bəlkə də ən yaxşı platformadır. Çünki ədalət bütün dinlərin fəlsəfəsində dayanan ümumi anlayışdır”.