Ramil Usubov: Azərbaycan iqtisadi-sosial təhlükəsizliyin təminində dünyada ən yaxşı göstəricilərdən birinə sahibdir

Ramil Usubov: Azərbaycan iqtisadi-sosial təhlükəsizliyin təminində dünyada ən yaxşı göstəricilərdən birinə sahibdir

05 Noyabr 2024

İqtisadi-sosial təhlükəsizliyin təminində də ümumilikdə son onilliklərdə Azərbaycan dünya üzrə ən yaxşı göstəricilərdən birinə sahibdir. Bunun da mahiyyətində Prezident cənab İlham Əliyevin böyük zəhməti, fədakarlığı, müdrikliyi, mahir idarəçilik qabiliyyəti və ümumxalq dəstəyi dayanır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunları Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

“Dövlət başçımızın mükəmməl islahatlar konsepsiyası nəticəsində Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, bölgənin siyasi, iqtisadi və əməkdaşlıq mərkəzi, mühüm tranzit qovşağı, qlobal enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü kimi tanınır.

Bir müddət əvvələdək beynəlxalq cinayətkarlıq yuvası olan Qarabağda və Şərqi Zəngəzurda indi möhkəm təhlükəsizlik sistemi və müvafiq infrastruktur yaradılır. Vaxtilə separatçılığın ünvanı olan bu ərazilər artıq beynəlxalq əməkdaşlıq, sülh, inkişaf və mədəniyyət mərkəzinə çevrilmişdir.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev indi həm də qurucu rəhbər kimi bu bölgədə yeni möhtəşəm inkişaf tarixini yaradır. Yüz minlərlə insanın qayıdacağı Qarabağ və Şərqi Zəngəzur ərazisində yüzlərlə xəstəxana, idman kompleksi, təhsil və mədəniyyət ocağı, sosial infrastruktur, hava limanı, tunellər, körpülər, yüz kilometrlərlə dəmir yolu xətti, minlərlə kilometr avtomobil yolu mövcud olacaq. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qoşulması bütövlükdə Azərbaycanın inkişafına və təhlükəsizliyinin etibarlı təmininə də əsaslı zəmin yaradacaq”, - R.Usubov vurğulayıb.

O, qeyd edib ki, bu şərəfli missiyanın reallaşmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidmətləri, əvəzsiz dəstəyi var: “Möhtərəm xanım Mehriban Əliyevanın Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi sosial, humanitar, mədəniyyət layihələri, himayə etdiyi genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri nəticə etibarilə dövlət başçımızın dövlətçilik kursunun layiqincə icrasına mühüm töhfələr verir. Bu fədakarlıq nümunələri dünyaya Azərbaycanın gücünü, dövlətimizin möhkəm iradəsini, xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir. Qürur hissilə qeyd etmək istərdim ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi, buraya yatırılan böyük həcmli xarici sərmayə bütünlüklə Azərbaycanda və Qafqaz bölgəsində möhkəm, etibarlı təhlükəsizlik mühitinin formalaşmasına, sabitliyin təmininə, eləcə də inkişafa, mövcud vəziyyətə təhdid yaradan meyillərin aradan qaldırılmasına mühüm təkan verir.

Yeri gəlmişkən, Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə köhnə münaqişə ocaqları yenidən közərir, yeni savaşlar baş verir. Bu isə qlobal təhlükədir. Qanlı müharibələr, daxili təfriqələr nəticəsində öz ölkəsini tərk edərək qaçqın və köçkünə çevrilənlərin sayı artıq milyonlarla ölçülür. Xarici təsir və təhriklərlə dövlətlərin suverenliyinə təhdidlər çoxalır. Dünyanın ən güclü dövlətləri belə terrorçuluqdan, transmilli cinayətkarlıqdan əziyyət çəkirlər.

Belə bir mənzərə Azərbaycanın daxil olduğu regionun da mövcud reallığıdır. Ancaq vətəndaşlarımız bu coğrafiyada təhlükəsizlik, sabitlik, əmin-amanlıq şəraitində yaşayırlar, qurub-yaradırlar. Qlobal böhran və beynəlxalq təhlükə mənbələrinin davamlı genişləndiyi bir zamanda tarixin ən qüdrətli Azərbaycanını yaratmaq məhz Prezident cənab İlham Əliyevin tariximiz, müasir dövrümüz və gələcəyimiz qarşısında misilsiz xidmətidir”.