Qeyri-əxlaqi əməl dedikdə nə başa düşürük ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qeyri-əxlaqi əməl dedikdə nə başa düşürük?
Cavab: Cinayət qeyri-əxlaqi əməldir. Əxlaq ictimai şüurun formalarından biridir. Əxlaq hələ qədim zamanlardan insanın təcrübi tələbatından irəli gələn münasibətlərin tənzimlənməsi əsasında meydana gəlmiş və inkişaf etmişdir. Hər bir ictimai-iqtisadi formasiyada cəmiyyət öz üzvləri qarşısında müəyyən tələblər qoymuşdur. Bu tələblər ilk növbədə məhz əxlaq normalarında əks olunmuşdur. Əxlaq dedikdə, ilk növbədə cəmiyyətdəki normalar, qaydalar və davranış prinsiplərinin məcmusu başa düşülür. Yəni, əxlaqi olan hər bir əməl cəmiyyətin əksər üzvləri tərəfindən qəbul edilir və sevilir. Qeyri-əxlaqi əməl isə əksinə. Əxlaq normalarına hüquqi qüvvə verildikdə, o hüquq normasına çevrilir. Bu normalara riayət olunmaması dövlət məcburiyyət tədbirlərinin tətbiqinə səbəb olur. Cinayət hüquq norması ilə törədilməsi qadağan edilmiş əməl həm də əxlaqa ziddir, yəni bu əməl cinayət olub-olmamasından asılı olmayaraq, hakim mənəviyyata zidd hesab olunur və cəmiyyətin böyük əksəriyyəti tərəfindən pislənir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov