Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm...” - VİDEO
Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, jurnalist Əsgər İbrahimovun müəllifi olduğu verilişin bugünkü buraxılışı Qərbi Azərbaycandan deportasiya edilmiş, Ağbaba mahalının Amasiya rayonunun Güllücə kənd sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi”nə həsr olunub.
O, vaxtilə yaşadığı Arpaçay çayının sahilində yerləşən kəndi barədə kövrələ-kövrələ danışıb: “Mən oradan 15 yaşında çıxmağıma baxmayaraq, həmişə oranı xatırlayanda çox kövrəlirəm. Biz orada çox gözəl, çox xoşbəxt yaşayırdıq. Bizim kəndimiz azərbaycanlı kəndi idi. Orada bizə ermənilər türk kimi çox nifrətlə baxırdılar”.
G.Əliyeva özünün yaşadığı və yaşlı nəslin nümayəndələrinin erməni zülmü barədə danışdığı hadisələrdən söz açıb: “Nənə-babalarımız danışırdılar ki, o vaxt ermənilər gəlib bizim qızlarımıza, gəlinlərimizə, cavan oğlanlarımıza nə qədər zülmlər ediblər. Yəni bizim yaşlılarımız gözəl qızlarımızı təndirdə, qalaqların içində gizlədiblər. Masisdə bizim azərbaycanlıların oğlan-qız toyunda oğlan başı kəsiblər. Yəni belə vəhşilikləri eşidirdik".
Onun sözlərinə görə, 1988-ci il iyunun 10-da ilk qaçaqaç düşüb: “Kəndə xəbər gəldi ki, rayonda katibi vurublar, bıçaqlayıblar, ermənilər bütün kəndlərə gəlir, qırğındır. Əslində, onlar bizdən çox qorxurdular, bizə türk deyirdilər. Elə bilirdilər biz hamımız silahlıyıq. Amma bu xəbər necəsə yayılmışdı. Yağış yağırdı, axşama doğru idi. Çox güclü dolu yağmağa başladı. Bu xəbər gələndə mən özümü itirdim, nə edəcəyimi bilmədim. Biz böyük ailə idik, ailədə 8 uşaq idik. Mən ayaqyalın, başıaçıq qaça-qaça çayı keçməyə çalışdım. Çay çox gur gəlirdi. Bütün uşaqlar, böyük, ata-ana bir-birini heç tapa bilmirdi. Biz sərhədə doğru, Türkiyə sərhədinə doğru qaçmağa başladıq. Yolda maşınlar götürə bildiklərini, yaşlıları götürdü. Dağlarda çayırlıq var idi. Biz heç nəyi fikirləşmədən gedirdik. Sonra bizi yoldan geri qaytardılar. Əsgərlər gəldi, bizi qaytardılar və dedilər ki, narahat olmayın. Dağın başında Ellər kəndi var idi, bizi ora yığdılar. Bizi əsgərlər orada qorumağa başladılar. Heç yadımdan çıxmır, gecəni heç yatmadıq. Səhərədək bütün maşınlar rayon yolunda dayanmışdı”.
F.Əliyeva Vətən həsrətinin tezliklə bitəcəyini və doğma kəndinə qovuşacağını söyləyib: “İnşallah o günləri biz yaşayarıq. Ən birinci Allahımız bizə yaşadar. Sonra elə Prezidentimizin köməyi ilə öz millətimiz, öz gücümüzlə bunu yaşayarıq. Dua edirəm ki, Allah bizə o günləri yaşatsın. İnşallah gücümüz yerindəykən biz gedə bilərik ora və biz orada yaşaya bilərik. Mən gedib oranın daşını, divarını, torpağını, hər şeyini öpərəm...”
Onun qız nəvəsi Ümid Səmədov Bakıda doğulub böyüsə də, nənəsinin yurduna getmək istəyini belə ifadə edib: “Mən Türkiyəyə getmişdim. Oradan da dağa çıxdım, nənəmin kəndinə baxdım. Mən də istəyirəm oraya gedim...”
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Verilişi "Baku TV yutub kanalında da izləmək mümkündür.