
Qars və Iğdırda Xocalı faciəsinin 33-cü ildönümü anıldı - FOTO
Türkiyənin Iğdır və Kars şəhərlərində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilib. Iğdırda baş tutan tədbir Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və Iğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə Heydər Əliyev Fen Liseyində gerçəkləşib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasimdə soyqırımı əks etdirən film nümayiş olunub, çıxışçılar faciənin beynəlxalq aləmdə tanınmasının vacibliyini vurğulayıblar.
Qarsda isə Azərbaycan Baş Konsulluğu və Qafqaz Universitetinin təşkil etdiyi anım tədbirində Xocalı şəhidlərinin xatirəsi yad edilib, Qurani-Kərimdən ayələr oxunub və Xocalı faciəsini əks etdirən foto sərgi açılıb.
Natiqlər Xocalı soyqırımının insanlıq tarixi üçün qara ləkə olduğunu bildiriblər.
Tədbirlərdə Xocalı faciəsinin unudulmaması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.