Qadınlarla bağlı növbəti maarifləndirici tədbir keçirilib - FOTO
Fevralın 13-də Şahbuz rayon Badamlı qəsəbəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Respublikasının 1995-ci ildə qoşulduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın 30 illiyinin qeyd edilməsi ilə əlaqədar “Kənd yerlərində yaşayan qadınların hamiləlik dövründə, doğuş zamanı və hamiləlikdən sonrakı dövrdə psixoloji və fiziki sağlamlıqlarının qorunması” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nübar Səfərova açaraq, qadınlar üçün bu mövzunun nə dərəcədə əhəmiyyətli olduğundan bəhs edib.
Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək, bildirmişdir ki, qadınların hamiləlik və doğuş sonrası psixoloji sağlamlığı çox vacib bir mövzudur və bu dövr bir çox qadın üçün həm fiziki, həm də psixoloji baxımdan çətinliklərlə doludur.
Nəticə olaraq hamiləlik və doğuş sonrası psixoloji sağlamlıq, bir qadının fiziki və emosional vəziyyətini birləşdirən mühüm bir sahədir. Bu dövrün çətinlikləri, hər bir qadın üçün fərqli olsa da, hər kəsin düzgün dəstək alması və psixoloji vəziyyətinin izlənməsi vacibdir.
Hamiləlikdən sonra meydana gələn emosional dəyişikliklərə diqqət yetirilməli və bu sahədəki hər hansı bir narahatlıq və problem zamanında müalicə edilməlidir.
Daha sonra “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsin həkim mama-ginekoloqu Nəzrin Quliyeva hamiləlik gigiyenasi, hamiləlikdə düzgün qidalanma, doğuş sonrası qadınların sağlamlıqlarının bərpası “Analar məktəbi”ndə də həyata keçirilən hamiləlik öncəsi və sonrası proseslərdən danışıb.
45 qadının yararlandığı tədbirdə mövzu ilə bağlı broşürlər paylanılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.