Qadınlar üçün növbəti təlim olub - FOTO
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə təlim keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, növbəti təlim avqustun 7-də Ordubad şəhərində baş tutub.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Qiymət Hacıyeva tədbiri giriş sözü ilə açaraq qadınların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə keçirilən təlimin əhəmiyyətini qeyd edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva qadınların məşğulluğunun diqqətdə saxlanılmasından və dekorativ-tətbiqi sənət sahəsinə maraqlarının artırılmasından danışıb. Bildirilib ki, evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında dekorativ-tətbiqi sənət nümunələrinin yaşadılması istiqamətində layihələr həyata keçirilir. Təbii ki, bu da qadınlar üçün həm şəxsi inkişaf və həm də gəlir mənbəyi baxımından faydalıdır.
Çıxışların ardından istedadlı qadın Səkinə Qarayeva iştirakçılara təlim keçib. Əyani vəsaitlərdən istifadə edilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.