Plastik iqtisadiyyat və COP-29
İqlim dəyişikliyi ilə mübarizə qlobal miqyasda ən vacib problemlərdən biri olaraq qalır. Bu mübarizənin tərkib hissəsi kimi plastik tullantıların idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Plastik tullantılar ətraf mühitə və ekosistemlərə geniş miqyasda təsir edir. Plastik tullantıların tənzimlənməsi və onların iqlim dəyişikliyinə təsiri, Birləşmiş Millətlər Təşkilatının (BMT) COP-29 çərçivəsində prioritet mövzulardan biri kimi nəzərdə tutulmuşdur. Bu müzakirələr plastik tullantıların təkrar emalı, karbon izlərinin azaldılması, normativ tənzimləmələr və dövlətlərarası əməkdaşlığın əhəmiyyətinə yönəlmişdir.
Plastik çirklənmənin tarixi və müasir vəziyyəti
1960-cı illərdə plastik tullantılar bərk məişət tullantılarının cəmi 1 faizini təşkil edirdi. Hal-hazırda bu rəqəm 12 faizdən çoxdur və hər il plastik tullantıların həcmi artır. Statistikaya əsasən, dünya üzrə hər il 500 milyon ton plastik məhsul istehsal olunur. Bu tullantıların torpaq və su ekosistemində parçalanması üçün yüzillərlə vaxt tələb olunur — torpaqda 800, okeanlarda isə 400 il ərzində parçalanır. Həmçinin, parçalanan plastiklər ekosistemlərə mənfi təsir edir. Ümumiyyətlə, təbiətə buraxılan plastik tullantıların 90 faizi okeanlarda toplanır, orada isə plastik adaların yaranmasına səbəb olur. Hazırda dünyada beş böyük plastik tullantı adası vardır; onlardan ikisi Sakit okeanda, ikisi Atlantik okeanda, biri isə Hind okeanındadır.
Plastik tullantıların iqlimə təsiri və karbon emissiyaları
Plastik tullantıların təsiri təkcə onların fiziki mövcudluğu ilə məhdudlaşmır; plastik məhsulların istehsalı və onların çürüməsi də ətraf mühitə təsir edən karbon emissiyalarına səbəb olur. Plastik istehsalı üçün fosil yanacaqlardan istifadə edilir, bu isə böyük miqdarda karbon qazının atmosferə buraxılmasına gətirib çıxarır. COP-29 müzakirələrində plastik istehsalının qlobal karbon izinə təsiri, plastik tullantıların idarə olunması və təkrar emal imkanları xüsusi əhəmiyyət daşıyır.
BMT-nin Plastik Çirklənmə Müqaviləsi və Azərbaycanda atılan addımlar
BMT, 2022-ci ildə Plastik Çirklənmə Müqaviləsinin hazırlanması ilə qlobal səviyyədə plastik tullantıların azaldılmasını və təkrar emalı təşviq etməyə başladı. Bu müqavilə, plastik tullantıların çirklənməyə səbəb olmasının qarşısını almaq məqsədilə dövlətlərarası əməkdaşlığın gücləndirilməsini də nəzərdə tutur. Azərbaycanda da plastik tullantıların idarə edilməsi məsələsi xüsusi diqqət mərkəzindədir. Dövlət Statistika Komitəsinə görə, son illərdə plastik qablaşdırma tullantılarının həcmi xeyli artmışdır və hər il orta hesabla hər bir şəxs 24 kiloqram plastik tullantı istehsal edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi istiqamətində şəhər və rayonlarda xüsusi konteynerlər quraşdırılmış, alternativ materiallardan istifadə üçün təşviqat işləri aparılmışdır. Plastik məhsulları kağız və parça ilə əvəz etmək üçün nazirlik müxtəlif müəssisələrlə əməkdaşlıq edir və ictimaiyyətin maarifləndirilməsi üçün kampaniyalar həyata keçirir.
Plastik çirklənmənin ekosistemlərə təsiri və heyvan populyasiyalarına təhlükəsi
Plastik tullantıların ekosistemlərə mənfi təsiri çoxşaxəlidir. Plastik tullantılar təkcə torpağı çirkləndirməklə kifayətlənmir, eyni zamanda su hövzələrindəki canlılar üçün böyük təhlükə yaradır. Mikroplastiklərin su ekosistemlərinə daxil olması ilə balıq və digər dəniz canlıları bu tullantıları qida kimi qəbul edir ki, bu da onların sağlamlığına və həyatına təhlükə yaradır. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən həyatını itirir. Bu proses davam etdikcə, plastik tullantıların daha geniş miqyasda ekosistemlərdə dağıdıcı təsirləri müşahidə ediləcək.
Maarifləndirmə və ictimaiyyətin rolu
Hər kəsin ətraf mühitin mühafizəsində rolu böyükdür. Plastik tullantıların tənzimlənməsi və təkrar emalı yalnız dövlət qurumlarının üzərinə düşən bir məsuliyyət deyil; hər bir fərd ekoloji təmiz alternativlərdən istifadə etməyə təşviq edilməlidir. Azyaşlılara və gənc nəsilə ətraf mühitin qorunmasının əhəmiyyətini aşılamaq gələcəkdə daha məsuliyyətli bir cəmiyyətin formalaşmasına kömək edəcəkdir. Plastik qabların əvəzinə şüşə və ya parça kimi alternativlərdən istifadə və ya tullantıların xüsusi konteynerlərdə toplanması kimi kiçik addımlar böyük ekoloji müsbət nəticələr verə bilər.
COP-29 çərçivəsində həyata keçirilən tədbirlər və müzakirələr plastik tullantıların idarə edilməsində qlobal əməkdaşlıq və qanunvericilik çərçivələrinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacaqdır. Plastik tullantıların azaldılması və təkrar emal texnologiyalarının inkişafı yalnız iqlim dəyişikliyi ilə mübarizədə deyil, həm də su ekosistemlərinin, biyomüxtəlifliyin və insan sağlamlığının qorunmasında mühüm rol oynayacaqdır. COP-29-un plastik tullantılarla bağlı qəbul edəcəyi qərarlar ümumilikdə ekoloji tarazlığın qorunması və ekosistemlərin dayanıqlığının təmin edilməsinə xidmət edəcək və gələcək nəsillərə daha sağlam bir təbiət buraxmaq üçün zəruri addımlardır.
Rəcəb Nəcəfov
Naxçıvan Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbəsi