
Ömürünü Vətənə qurban verənlərdən oldu - FOTO
Xalqlar, o dövlətlər xoşbəxtdirlər ki, öz ayaqları üzərində dayana bilirlər, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları, şəhidləri var. Şəhidlik vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü fəda etməkdir. Şəhidlik könüllü şəkildə, bilə-bilə özünü odun-alovun içinə atmaq, bir an belə tərəddüd etmədən, göz qırpmadan ölümün üzərinə getmək, ölümün gözünə dik baxmaqdır. Belə qəhrəmanlardan biri də Rəcəbov Vaqif Yaqub oğludur. İgid el oğlunun doğum günü qeyd edilir.
Bu münasibətilə və şəhidin adını əbədiləşdirmək məqsədilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin siniflərindən birində xatirə lövhəsi vurulub, tədbir keçirilib. Ailə üzvülərinin də iştirak etdiyi tədbirdə məktəblilər şəhidimizin qəhrəmanlığından danışıb.
Daha bir tədbir isə qəhrəmanımızın mövludu günü baştutub. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Mərasim evində davam edən tədbirdə Naxçıvan MR Ali Məclisinin deputatları, İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, təhsil aldığı məktəbin müəllimləri və şagirdləri, döyüş yoldaşları, xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, qazilər, ictimayət nümayəndələri iştirak edib.
Çıxış edən iştirakçılar cəsur döyüşçünün hayatından, döyüş yolundan, qəhrəmanlığından və dostluğundan danışıblar. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qəhrəman şəhidimiz gizir Rəcəbov Vaqif Yaqub oğlu 1982 - ci il 23 Fevralda Naxçıvan şəhərində anadan olub. Böyük qardaşı Emildən sonra ailənin ikinci övladı olan Vaqif 1988-ci ildə 7 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Orta təhsil aldığı dövrdə aktivliyi və dəcəlliyi ilə seçilən Vaqif dərslərindəki müvəffəqiyyəti ilə də yoldaşlarından fərqlənib. Uşaqlığında pilot olmağı arzulasada yetkinlik yaşına çatdığında hərbi təhsil almağa qərar verir. 1996-cı ildə Naxçıvanda Hərbi Məktəbə qəbul olan Vaqif 2000 - ci ildə təhsilini başa vurub.
Elə həmin il hərbi xidmətə çağırılıb. Xidməti bitirdikdən sonra Naxçıvan Daxili Qoşunlarında Müddətdən Artıq Həqiqi Hərbi qulluqçu olaraq işə başlayır. 2010 -cu ildə isə Gəncə şəhərində N saylı Hərbi hissəsinə təyinat alıb. 2015-ci ildə Gizir kursunu müvəffəqiyyətlə başa vuraraq rütbə alır. Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində vətənə xidmət edən Vaqif bir neçə zirehli texnikaların ( Kobra , Toma vs...) operatoru vəzifəsində çalışır.
Xidməti dövründə 10 il "Qüsursuz Xidmətə görə " medalı və Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə fəxri fərman ilə təltif edilib. Elə Gəncə şəhərində könül verib bəyəndiyi xanımla ailə həyatı qurur. Bu evlilikdən 3 qız övladı dünyaya gəlib.
2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində isə verilən tapşırığa əsasən təyin edildiyi bölgələrdə vətənin müdafiəsində dayanıb. Onların xidmətləri məxfi olduğundan bu gündə ailəsi onun harda döyüşdüyü barədə məlumatı yoxdur.
Uzun illər ürək xəstəliyindən əziyyət çəkən qəhrəmanımızın atası Yaqub kişi 2021-ci ildə dünyasını dəyişir. Ata itkisi Vaqifi dərindən yaralasa da özünü toparlayıb yenidən xidmət yerinə qayıdır.
O, 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu tərəfindən başladılan lokal xarakterli antiterror əməliyyatına gedərkən qardaşı Emil ilə sonuncu dəfə telefon əlaqəsi saxlayır:" Mən getdim. Hələlik. Özünüzdən muğayat olun" deyib. Emil hara getdiyini soruşanda ona bununla bağlı heç nə demir. Qardaşı bir müddət sonra Vaqifin döyüş yoldaşından onun Ağdərədə döyüşdüyünü öyrənib. O, döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıq göstərərək çox sayda erməni terorristi məhv edir.
Bu qəhrəmanımızın son döyüşü olur. Vətən eşqiylə döyünən ürəyi elə vətəninin ərazi bütövlüyü uğrundakı haqq savaşında durur. Düşmən snayperinə tuş gəlib şəhadəti ilə əbədiyaşar ümmanı qazanan igidimiz cənnətdə atasına qovuşur.
Xalq öz qəhrəman övladını qarşılayaraq Naxçıvan şəhər məzarlığında son mənzilə yola salır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəcəbov Vaqif Yaqub oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vaqif kimi qəhrəman oğullarımız vətən sevgisi ilə illərdir işğal altında əzab çəkən torpaqlarımızı vətən etdilər. Yurda azadlıq, qəlblərə rahatlıq gətirdilər. Vaqiflərin düşmənə endirdiyi son Dəmir Yumruqla ölkəmizin suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Onun həyat hekayəsi qısa olsa da, çox şərəflidir. Bir ailənin oğlu kimi doğulub vətənə dirək oldu. Özü yaşamadı, Vətəni yaşadanlardan oldu…Ömürünü Vətənə qurban verənlərdən oldu.
Ruhud şad, mövlud günün qutlu olsun qəhrəman!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü