Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri -

Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri - FOTO

06 Dekabr 2024

“Tarixə ekskursiya” layihəsi çərçivəsində muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrinin ölkəmizin digər regionlarından olan tələbələri üçün Ordubad rayonunun tarixi-mədəni məkanlarına ekskursiya təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin ortaq layihəsinə uyğun olaraq iştirakçılar həm də “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda iştirak ediblər. Oyun üçün tərtib olunan suallar məhz, ekskursiyalarda verilən məlumatlarla bağlı olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ekskursiyadan öncə nazirliyin əməkdaşı Valeh Mahmudov iştirakçıları salamlayaraq layihənin məqsəd və əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, gənc nəslin intellektual səviyyəsi, dünyagörüşü və zehni inkişafının stimullaşdırılması, milli dəyərlərin, tariximizin təbliği, eləcə də muxtar respublikanın turizm imkanlarının tanıdılmasında gənclərin rolunu artırmaq üçün müxtəlif tədbirlər keçirilir. “Tarixə ekskursiya” layihəsi də bu qəbildəndir.

Gənclər Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər. Bələdçilər tərəfindən muzeylərin yaradılma tarixi, aid olduğu şəxsiyyətlərin həyat və fəaliyyəti, nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib, iştirakçıların sualları aidiyyəti üzrə cavablandırıb.

Sonda intellektual oyun təşkil olunub. 24 sualdan ibarət yarışmada tələbələr təhsil aldıqları müəssisələri təmsil edən komandaların tərkibində qələbə mübarizəsinə qoşulublar. Ən yaxşı göstəriciyə nail olan Naxçıvan Dövlət Universitetinin "Ulduz" komandası intellekt yarışının qalibi olub. Komanda üzvləri diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandılıblar.