Oktyabrda Azərbaycanda payız sərgi mövsümünə start veriləcək
Oktyabrın 19-21-də Azərbaycanda Xəzər İnşaat Həftəsi start götürəcək.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə tədbirin təşkilatçılarından biri olan "Caspian Event Organisers" şirkəti məlumat yayıb.
Bildirilir ki, bu ildən Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərin sırasına daha bir sərgi əlavə olunub. Belə ki, bu il Xəzər İnşaat Həftəsi 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh"), 28-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild") və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi ("Aquatherm Baku") ilə yanaşı 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi ("Road&Traffic") də bir ad altında birləşdirəcək.
Tədbir Bakı Ekspo Mərkəzində baş tutacaq. Keçən il tədbir Mərkəzin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zalın istifadəyə verilməsi gözlənilir. Sərgilər Mərkəzin həm də açıq sahəsini əhatə edəcək.
İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alacaq. Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaq.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan "Rebuild Karabakh" bu il artıq 3-cü dəfədir ki, təşkil ediləcək. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.
"Rebuild Karabakh" sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə cəlb edir. Sərginin elə əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
"Rebuild Karabakh" sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək.
"BakuBuild" sərgisi interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələri əhatə edir.
"Aquatherm Baku" sərgisində hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və cakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) suyu texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi sektorlar təqdim olunur.
"Road&Traffic" sərgisi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.
Xəzər İnşaat Həftəsinin işgüzar proqramında Azərbaycan işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B), Qarabağ Dirçəliş Fondu və "Caspian Event Organisers" şirkətinin birgə təşkilatçılığı ilə Ağdamda xüsusi sessiyanın təşkili və digər tədbirlərin keçirilməsi planlaşdırılır.