NMİ ilə Təhsilin İnkişafı Fondu arasında yeni tələbə kartları üçün memorandum imzalandı -

NMİ ilə Təhsilin İnkişafı Fondu arasında yeni tələbə kartları üçün memorandum imzalandı - MÜSAHİBƏ

30 Oktyabr 2024

Naxçıvan Müəllimlər İnstitutu (NMİ) ilə Təhsilin İnkişafı Fondu arasında tələbələrə yeni növ tələbə kartlarının verilməsi məqsədilə memorandum imzalanıb.

NMİ-nin rektoru Azad Novruzov bu təşəbbüsün təhsilin inkişafına dəstək məqsədilə həyata keçirildiyini bildirib. "Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra dövlət proqramları icra olunur və həmin proqramlara uyğun olaraq, Elm və Təhsil Nazirliyinin nəzdində Təhsilin İnkişafı Fondu 2021-ci ildə Prezidentin müvafiq fərmanı ilə yaradılıb. Bu fondun fəaliyyəti çərçivəsində bir sıra layihələr maliyyələşdirilib və bu gün fondun “TələbəPlus” layihəsi çərçivəsində tələbə kartlarının verilməsi müqaviləsini imzaladıq. İnanıram ki, bu kartlar tələbələrimizin sosial rifahının yaxşılaşdırılması və güzəştlər əldə etməsi üçün mühüm əhəmiyyət kəsb edəcək," - deyə o qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə “TələbəPlus” layihəsinin ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrini əhatə edəcəyini vurğulayıb. “Kapital Bank” və “VISA” beynəlxalq ödəmə şirkəti ilə birgə reallaşdırılan bu layihənin tələbələr üçün endirimlər, imtiyazlar və keşbek imkanı təqdim etdiyini qeyd edən Nəsibov, gələcəkdə layihənin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən digər ali təhsil müəssisələrini də əhatə edəcəyini söyləyib: "Bu barədə danışıqlar aparılır və 2025-ci ildən etibarən digər layihələrin də bu təhsil ocaqlarında tətbiqi nəzərdə tutulub," - deyə bildirib.

Mənsurə Hümbətova