Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

01 Dekabr 2023

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində noyabr ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 sentyabr tarixli Qərarı ilə təsdiq edilib “Naxçıvan Muxtar Respublikasında qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda dəyişiklik edilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Nazirlər Kabinetinin 2023-cü il 15 noyabr tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının ştat cədvəlinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Aparatının və tabeliyində olan qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişikliklər  edilib.

“Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin  müvafiq Fərmanının icrası məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü il 15 noyabr tarixində Sərəncam imzalanıb. Sərəncamın icraçılarına Agentliyin Aparatının və regional bölmələrinin işçilərinin say  həddi barədə təkliflərini iki həftə müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi və Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb.  

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında”, həmçinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq tarixli fərmanlarının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2023-cü il 22 noyabr tarixində sərəncamlar imzalanıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında Nazirlər Kabineti tərəfindən 2023-cü il 27 noyabr tarixində Qərar qəbul edilıb. Qərara əsasən “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublika ərazisində yaşıllaşdırma sahəsində xidmətlər göstərəcək, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, infrastrukturun inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçiriləcəkdir.  

Naxçıvan Muxtar Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin layihəsi və Naxçıvan  Muxtar Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında Nazirlər Kabineti tərəfindən 2023-cü il 28 noyabr tarixində Qərar qəbul edilib. Qeyd edək ki,“Naxçıvan Muxtar Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin layihəsi” qanunvericilikdə nəzərdə tutulan digər sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edilib.