Nazir: “Hemofiliya nəticəsində əlillik hallarının azaldılmasına nail olunub”

Nazir: “Hemofiliya nəticəsində əlillik hallarının azaldılmasına nail olunub”

01 İyun 2023

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Hemofiliya Federasiyasının (WFH) prezidenti Sezar Qarrido ilə görüşüb.

Bu barədə NAXCİVANXEBELREİR.COM-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazir vurğulayıb ki, hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı Azərbaycanda bir sıra mühüm tədbirlər görülməkdədir.

Prezident İlham Əliyev tərəfindən hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısının göstərilməsi ilə bağlı bir sıra tapşırıqlar verilib. Həmçinin, 2005-ci ildə bu sahədə Dövlət Proqramı qəbul olunub, 2006-cı ildən isə qan laxtalandırıcı faktor preparatları ölkəmizə gətirilir və pasiyentlərə dövlət hesabına təqdim edilir.

T.Musayev söyləyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması nəticəsində bu xəstəliyin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub: “Ölkədə hemofiliyalı xəstələrin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim nəzarətində və diqqətindədir”.

Səhiyyə naziri həmçinin qeyd edib ki, hemofiliya xəstəliyi multidisiplinar yanaşma tələb etdiyindən onun müalicəsi daha kompleks şəkildə aparılmalıdır.

“Ölkəmizdə görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, bu xəstəlikdən əlillik hallarının azaldılmasına nail olunub”, - T.Musayev vurğulayıb.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən WFH-nin prezidenti Azərbaycanda hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. S.Qarrido WFH tərəfindən Səhiyyə Nazirliyi və ölkəmizin digər səhiyyə qurumları ilə birgə Bakıda qanın laxtalanma pozğunluğundan əziyyət çəkən insanların maraqlarını qorumaq məqsədilə keçirilən konfransın vacibliyini qeyd edib.

Görüşdə Ümumdünya Hemofiliya Federasiyasının Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə layihələrinin reallaşdırılması barədə faydalı müzakirələr aparılıb.