Naxçıvanın kitabxana tarixi: 100 il - FOTO
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan Muxtar Respublika Kitabxanaları son 100 ildə” mövzusunda dəyirmi masa təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri açan kitabxananın direktoru Tamella Əsgərova bildirib ki, kitabxanalar tarix və mədəni irsimizi qoruyub saxlayan, informasiya və mənəvi sərvətləri gələcək nəsillərə ötürən əvəzsiz məkanlardır. O vurğulayıb ki, kitabxanalar hər zaman ictimaiyyətin informasiya tələbatını qarşılayıb.
Daha sonra kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Səfərova çıxış edərək Naxçıvanda kitabxanaçılığın inkişaf tarixinə toxunub. O qeyd edib ki, Naxçıvanda kitabxanaların tarixi orta əsrlərdə mədrəsələrdə yaranan kitabxanalardan başlayır və XX əsrdən ictimai-kütləvi kitabxanaların təşəkkülü ilə yeni mərhələyə qədəm qoyur. Eynəlibəy Sultanov, Bəhruz Kəngərli və digər ziyalıların şəxsi kitabxanalarının maarifçilikdə oynadığı mühüm rola xüsusi diqqət yetirilib.
Müzakirələr zamanı kitabxanaların avtomatlaşdırılması və elektron kitabxanaların oxuculara müasir xidmətlər göstərmək baxımından əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda “Naxçıvan-Qədim Azərbaycan diyarı-100” adlı sərgi nümayiş etdirilib.