
Naxçıvandan olan iştirakçılar Uşaq İncəsənət Festivalının qalibləri sırasında yer alıb - FOTO
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının qalibləri məlum olub. Qaliblər sırasında Festivala Naxçıvandan qoşulan iştirakçılar da yer alır. Belə ki, Cəbrayıl Səfərli aktyorluq nominasiyası üzrə həvəskar kateqoriyada, Quluzadə Şəhrizad isə rəssamlıq nominasiyası üzrə həvəskar kateqoriyada I yerin qalib olublar. Bundan əlavə, Nuray Fətullayeva solo milli rəqs nominasiyası üzrə peşəkar kateqoriyada II yerin qalibi olub.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bundan əlavə Piano ifaçılığı nominasiyası üzrə, peşəkar kateqoriyada Turan Abdullayev, solo milli rəqs nominasiyası üzrə peşəkar kateqoriyada Fatimə Allahyarlı, milli rəqs ansamblı nominasiyası üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin rəqs kollektivi və xor nominasiyası üzrə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivi III yerin qalibi olublar.
Hər bir iştirakçını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Qeyd edək ki, müstəqillik tariximizin iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük incəsənət layihəsi sayılan Uşaq İncəsənət Festivalı 21 nominasiya üzrə keçirilirdi. Festivalın Bakı şəhərində təşkil olunan final mərhələsinə 57 kollektiv, fərdi şəkildə isə 1687 nəfər qatılıb. Festivalın final mərhələsində muxtar respublikadan 42 fərdi iştirakçı, 2 kollektiv iştirak edib.