Naxçıvandakı məktəblə bağlı iddialar əsasızdır –

Naxçıvandakı məktəblə bağlı iddialar əsasızdır – Rəsmi açıqlama

09 Dekabr 2024

Son günlər bəzi informasiya resurslarında Babək rayonunun Cəhri Qəsəbə 2 nömrəli tam orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama verərək iddiaların əsassız olduğunu bəyan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, nazirliyin məlumatına görə, məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olduğu müəyyən edildiyi üçün kollektiv 2024-cü il 2 dekabr tarixindən etibarən Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb.

Cəhri Qəsəbə 2 nömrəli məktəbin binasında çatlar yaranıb, bəzi sinif otaqlarının tavanında isə suvaq qatı uçub. Bununla əlaqədar Təhsil Nazirliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib. Dövlət Layihə İnstitutunun mütəxəssisləri məktəb binasında texniki baxış keçirərək, binanın bərpa və gücləndirilməsinin həm iqtisadi, həm də texniki cəhətdən səmərəsiz olduğunu təsdiqləyib.

Bu səbəbdən, tədris prosesi dayandırılmadan məktəbin müəllim və şagird heyəti müvəqqəti olaraq Cəhri Qəsəbə 1 nömrəli məktəbin binasında yerləşdirilib. Təhsil Nazirliyi əlavə edib ki, yeni məktəb binasının layihələndirilməsi və tikintisi növbəti illərdə həyata keçiriləcək.

Açıqlamada qeyd olunub ki, məktəbin bağlanması və dərs saatlarının azalması barədə iddialar əsassızdır. Tədris prosesi tam şəkildə ikinci növbə əsasında təşkil edilir. Təhsil Nazirliyi müəllim və şagirdlərin təhlükəsiz şəraitdə tədris prosesində iştirakı üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.

Nazirlik bəzi informasiya resurslarında yayılan həqiqətə uyğun olmayan məlumatları və məktəb binasının şəkillərinin montaj edilərək paylaşılmasını pisləyib. Bu cür hərəkətlərin jurnalist etikasına uyğun olmadığı və cəmiyyəti çaşdırmağa xidmət etdiyi bildirilib. Nazirlik əlavə edib ki, təhsil sahəsində görülən məqsədyönlü tədbirlərə kölgə salmaq cəhdləri qəbuledilməzdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi cəmiyyəti çaşdıran bu cür məlumatlara inanılmamasını və rəsmi mənbələrə istinad edilməsini tövsiyə edir.