Naxçıvanda “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində görüş keçirilib -

Naxçıvanda “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində görüş keçirilib - FOTO

28 Noyabr 2024

“Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin “Yaşıl Azərbaycan naminə gənc səfirlər” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərləri davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qonaqlarla görüş keçirib. Görüşdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və digər nümayəndələr iştirak edib. Tədbirdə ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət uşaq siyasətindən bəhs olunub. Bildirilib ki, bu cür təşəbbüslər uşaqların təhsili, sağlamlığı və rifahına dair görülən işlərin əhəmiyyətini nümayiş etdirir.

Tədbir zamanı qeyd olunub ki, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinlərinin Naxçıvan Muxtar Respublikasına səfəri onların həyatında xoş xatirələrlə yadda qalacaq. Eyni zamanda, belə görüşlər gələcəkdə daha genişmiqyaslı proqramların həyata keçirilməsinə zəmin yaradır.

Görüşdə Kəmalə Ağazadə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində göstərdiyi fəaliyyətə görə təltif edilib. Tədbir qarşılıqlı hədiyyələrin təqdimatı ilə yekunlaşıb.