Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib - FOTO
Oktyabrın 29-da Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə tədbir təşkil edilib.
Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, qardaş respublikaların dövlət himnləri səsləndirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə cümhuriyyət tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 101-ci ildönümü münasibətilə videomüraciəti izlənilib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Türkiyə Cümhuriyyətinin 101, Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb, Azərbaycan-Türkiyə münasibətlərinin qardaş ölkələrimizin başçılarının müəyyən etdiyi hədəflərə doğru hər sahədə sürətlə genişlənməsini və inkişafını böyük məmnuniyyət hissi ilə vurğulayıb. Azərbaycanda bu il COP29-un keçiriləcəyini diqqətə çatdıran baş konsul ölkəmizin bu önəmli beynəlxalq konfransa uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.
Asip Kaya bildirib ki, Naxçıvan hər zaman Türkiyə üçün xüsusi əhəmiyyət daşıyıb. Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə əlaqələri hər sahədə genişlənir. Bu əlaqələrin davamı olaraq “Ziraat bank”ın yaxın günlərdə Naxçıvan filialı fəaliyyətə başlayacaq.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Türkiyənin müstəqillik bayramı - Cümhuriyyət elan edilməsinin 101-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyənin milli iradəsinin Cümhuriyyəti iqtisadi baxımdan inkişaf etmiş, demokratik vətəndaş cəmiyyətinə sahib, dünyəvi və hüquqi bir dövlətə çevirdiyini bildirib.
Xalqlarımızın bir-birinə qırılmaz tellərlə də bağlı olduğunu vurğulayan Samir Seyidəhmədli qeyd edib ki, iqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və digər sahələrdə əməkdaşlıq əlaqələrimizin uğurla inkişaf etməsi məmnuniyyət doğurur. Xüsusilə Zəngəzur dəhlizinin açılması və bölgədəki nəqliyyat-logistika şəbəkəsinin genişlənməsi istiqamətində həyata keçirilən tədbirlər iki qardaş ölkənin daha da yaxınlaşmasına şərait yaradacaq. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin yaradılması, gələcək nəsillər üçün dərin biliklər və ortaq ideyalar əsasında yeni körpülərin qurulması baxımından böyük əhəmiyyət kəsb edir.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbirdə rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.