Naxçıvanda Ramiz Mirişliyə həsr olunan konsert  keçirilib -

Naxçıvanda Ramiz Mirişliyə həsr olunan konsert keçirilib - FOTO

24 Sentyabr 2024

Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Üzeyir Hacıbəylinin "Koroğlu” Operasından "Uvertura" ilə başlayan konsertdə Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Mehbarə Cəfərova, Azərbaycan Respublikasının Əməkdar artisti Tural Abdullayev Ramiz Mirişlinin “Dalğalar”, ”Bir xumar baxışla”, “Vətənimsən” mahnılarını ifa ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının solistləri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova, Prezident mükafatçıları İsrafil Qibləliyev, Cəfər Tağıyev, Nərmin Hüseynova, İlkin Abdullayev, "Naxçıvan təranələri”, "İlhama gəldi”, "Səadət”, "Sevdalandım yaz gəlincə”, "Həyat söylə, sən kiminsən” və digər ifaları ilə tamaşaçıların zövqünü oxşayıblar.

Qeyd edək ki, konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri və Mahnı və Rəqs Ansamblı solistləri müşayiət edib. Dirijorlar Cahangir Qurbanov və Elvin Əliyarov, Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevdir.