Naxçıvanda I yarımildə büdcə gəlirləri belə icra edilib
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirləri 112,4 milyon manat, xərcləri isə 191,7 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Hesablama Palatasının yerli büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.
Sənədə əsasən, yanvar-iyun aylarında büdcə gəlirləri 130,4 %, xərcləri isə 78,3 % icra edilib.
6 ay ərzində büdcəyə daxilolmaların 97,2 milyon manatı və yaxud 86,5 %-i Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 12 milyon manatı və yaxud 10,7 %-i Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin, 1,7 milyon manatı və yaxud 1,5 %-i büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 1,5 milyon manatı və yaxud 1,3 %-i isə sair daxilolmaların payına düşüb.
Hesabat dövründə əksər mədaxil mənbələri üzrə faktiki icra məbləği təsdiq edilmiş proqnoz göstəricisindən çox olub, proqnozdan artıq icranın əsas mənbəyini yol vergisi, mənfəət vergisi və sair daxilolmalar təşkil edib.
Büdcə xərclərinin funskional təsnifatın bölmələri üzrə icra vəziyyətinin təhlili isə göstərir ki, bütün bölmələr üzrə icra edilmiş xərclər dövr üçün proqnozlaşdırılmış göstəricilərdən aşağı olub.