
Naxçıvanda Heydər Məscidi kompleksinin istifadəyə verilməsindən 1 il ötür
Məscid ötən il iyunun ayının 15-də, Milli Qurtuluş Günündə istifadəyə verilib.
Heydər məscidi Cənubi Qafqazın ən böyük məscidlərindən biridir. Bu məscidə memarlıq üslubuna görə Naxçıvanın Tac-Mahalı da deyirlər. Memarlıq elementləri özündə Şərq memarlıq üslubunu daşıyır. Naxçıvana gələn qonaqlar məscidin memarlıq üslubuna heyranlıqlarını gizlədə bilmirlər. Məscidin ön qapısının yuxarı hissəsində BİSMİLLAHİR RAHMANİ RAHİM (Bağışlayan və mehirban olan Allahın adı ilə) yazılıb. Bu müqəddəs cümlə bura gələn hər bir qonağı salamlayır, möhtəşəm milli nəqqaşlıq elementləri və dini rəmzlərlə sanki insanın ruhunu sakitləşdirir.
Ərazisinin ümumi sahəsi 82 250 kvadratmetrdir. Məscid ümumi sahəsi isə 6430 kvadratmetrdir. Məscid 5 korpusdan ibrətdir. Ana məscid binası 1613 kvadratmetr və iki yardımcı məscidlərin sahəsi isə 1300 kvadratmetrdir. Binanın hündürlüyü 15.25 metr, günbəz genişliyi 18.30 metr, hündürlüyü isə 14.67 metrdir. Yerdən günbəzin hündürlüyü 29.90 metrdir. Məsciddə 1300 nəfərlik ibadət yeri yaradılıb. Məscidin tam mərkəzindəki yuxarı hissədə "Ulul-Əzəm” peyğəmbərlərin və Əhli-Beyitin adları verilib ki, bu da islami dəyərlərə hörmətin bariz nümunəsidir. Məscidin sağ və sol divarlarında Allahın gözəl adları olan “Əsmaül–Hüsna” qeyd edilib. Heydər məscidi kompleksinin digər korpuslarında Dini Qurumlarla iş üzrə Dövlət Agentliyin inzibati binası və Mərasim zalı binası yerləşir.
Göz oxşayan 2 ədəd minarənin sahəsi 31.30 m², hündürlüyü 38 metr, genişliyi isə 2 metrdir. Heydər məscidi öz gözəlliyi ilə bura gələn hər kəsi heyran edir. Kompleksin gecə görüntüləri isə daha ecazkardır.
Bir sözlə, Əshabi–Kəhf ziyarətgahı Dini Mədəni Abidə Kompleksi Qafqaz və Anadolu dağlarını özündə birləşdirdiyi kimi, Heydər məscidi də sanki, gündüz və gecəni birləşdirir.
Çünki, Naxçıvan şəhərində günbatımı mənzərəsi Heydər məscidində daha gözəl görünür. Gəlin siz də görün!
Əli Orucov
Heydər məscidi Dini İcmasının sədri