Naxçıvanda günvurma halı müşahidə edilibmi? -

Naxçıvanda günvurma halı müşahidə edilibmi? - NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

07 Avqust 2024

Son zamanlar Naxçıvanda havalar isti keçir. Havanın yüksək hərarəti orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya gətirib çıxara bilər.

Günvurma bədən hərarətinin artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu vəziyyəti təhlükəli hal kimi hesab edə bilərik. Orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir. Bu isə sağlamlığa mənfi təsir edir.

Bəs Naxçıvanda günvurma halı müşahidə edilibmi?

Bu mövzuda müsahibimiz həkim Gülan Allahverdiyevadır. Gülan həkimlə mövzu barəsində həmsöhbət olduq.

Həkim bildirdi ki, günvurma günəş şüalarının altında çox qalanda baş verir və 6-8 saat ərzində öz əlamətlərini üzə çıxarır.

Günvurmadan qorunmaq üçün, öncə xəbərdarlıq olunan saatlarda çölə çıxmamağa diqqət yetirməliyik.

Yaşlı insanların, uşaqların saat 12:00-dan 17:00-dək, yaxud günəşin ən kəskin olduğu saatlar 16:00-dək çöldə olmamaları daha məqsədə uyğundur.

Günvurmadan qorunmaq üçün eynəklərdən, çətir və şapkalardan istifadə etmək lazımdır. Hər saatdan bir maye qəbul etməyimiz vacibdir.

Müsahibimiz qeyd etdi ki, bu isti havalarda uşaqlara və yaşlılara daha diqqət etmək lazımdır. Məsələn, böyüklər hər saatdan bir maye qəbul edirsə, uşaqlarda bu hal 15-20 dəqiqədən bir olmalıdır.

Sonda Gülan həkim vurğuladı ki, yay mövsümü başlayandan Naxçıvanda günvurma ilə bağlı çoxlu müraciət qeydə alınmayıb.

Mənsurə Hümbətova