Naxçıvanda gənclər üçün şəxsi inkişaf təlimləri təşkil olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı üçün tədbirlərin təşkilini də davam etdirməkdədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın əvvəllindən etibarən könüllü gənclər və Naxçıvan Hərbi Kollecinin kursantları üçün natiqlik və motivasiya təlimləri keçilib. Bakı şəhərindən dəvət olunmuş təlimçi Nərmin Allahverdiyevanın təqdimatında “Söz səndədir, danış!” adlı təlimdə gənclərə diksiya, ritorika, bədən dili, auditoriya qarşısında çıxış, ümumilikdə səlis nitq qabiliyyətinin formalaşdırılması texnikalarından bəhs olunub. İştirakçılara ötürülən nəzəri biliklər praktikada sınaqdan keçirilib, məşq proqramı barədə məlumat verilib.
Təlimlərdə həmçinin uğura gedən yol və bu istiqamətdə maneələrin aradan qaldırılması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.