
Naxçıvanda ana və uşaq sağlamlığı ilə bağlı maarifləndirici görüş keçirilib - FOTO
Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Saat Meydanında qadınlarla “Anaların sağlamlığı uşaqların gücüdür” adlı maarifləndirici tədbir baş tutub. Tədbirdə Bakıdan dəvət olunmuş Milli Onkologiya Mərkəzinin onkoginekoloqu Türkan Mansurova və pediatr-infeksionist Aytən Ziyadova iştirak ediblər. Görüşdə qadın sağlamlığı və uşaqların infeksion xəstəliklərdən qorunma yolları barədə geniş məlumat təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin açılışında Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasının müavini, pediatr İlkay Əliyeva çıxış edərək maarifləndirici tədbirlərin qadınlar üçün əhəmiyyətini vurğulayıb. Daha sonra onkoginekoloq Türkan Mansurova uşaqlıq boynu xərçənginin profilaktikası, erkən diaqnozu və müalicə üsulları, eləcə də PAP və HPV testlərinin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Pediatr-infeksionist Aytən Ziyadova isə uşaqların sağlamlığının qorunması, infeksion xəstəliklərin səbəbləri, qarşısının alınma yolları və gigiyena qaydaları haqqında danışıb. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.