Naxçıvanda 11 ayda vergi proqnozuna 128 % əməl olunub

Naxçıvanda 11 ayda vergi proqnozuna 128 % əməl olunub

08 Dekabr 2024

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 202,8 milyon manat və yaxud proqnozdan 28 % çox olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, vergi daxilolmaları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,9 %, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 74,4 % artıb.

Bundan başqa, nazir əvəzi deyib ki, 11 ay ərzində məcburi dövlət sosial sığorta daxilolmalarında 8,1 %, işsizlikdən sığorta daxilolmalarında 11 %, icbari tibbi sığorta daxilolmalarında 16,7 % artım olub.

"10 ay ərzində isə nağdsız əməliyyatlar üzrə dövriyyə illiik müqayisədə 71 % artıb", - deyə o əlavə edib.

A.İsmayılov həmçinin deyib ki, 11 ay ərzində əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 1 il əvvələ nisbətən 49,7 % artaraq 9,1 milyon manata yaxın olub.