
Naxçıvan Muxtar Respublikasında torpaqların su təminatının yaxşılaşdırılması işləri davam edir
Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin avqust ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb, hidrotexniki qurğularda təmir işləri aparılıb, anbarlara suyun yığılması davam etdirilib, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki, muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin avqust ayının sonuna 77,97 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə avqust ayı ərzində 17,12 milyon kubmetr su verilib, bunun müqabilində 14 min 93 hektar torpaq sahəsi suvarılıb.
2023-cü ilin avqust ayı ərzində 9,4 kilometr beton və torpaq kanallar, 16,13 kilometr ara arxlar, 3,2 kilometr kollektor lildən təmizlənib, 1,72 kilometr içməli su, 0,2 kilometr kanalizasiya xətləri çəkilib, 5,99 kilometr mövcud içməli su xətlərində, 0,12 kilometr kanalizasiya xətlərində, 2 kilometr suvarma boru xətlərində, 1,41 kilometr təzyiqli boru xətlərində, 0,83 kilometr isə kaptajlarda təmir-bərpa işləri aparılıb.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənib. Şərur rayonunda Püsyan kollektorunda 3,2 kilometr lildən təmizləmə işləri aparılıb. Görülən işlər nəticəsində Şərur rayonunda 38 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 1,5 kilometr mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılıb.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Zeyvə-1”, “Xələc”, “Həmzəli-2”, “Qorçulu”, “Arpaçay-1”, “Arpaçay-2”, “Ərəbyengicə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,57 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Hacıvar”, “Nehrəm”, “Yarımca” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 kilometr, Şahbuz rayonunda “Daylaqlı”, “Əcəmi-1”, “Əcəmi-2”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,13 kilometr, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Ordubad rayonunda “Əylis-3” nasos stansiyasının təzyiqli boru xəttində 0,2 kilometr, Sədərək rayonunda “Sədərək-0”, “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 kilometr, Kəngərli rayonunda “Şahtaxtı” və Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyalarının hər birinin təzyiqli boru xətlərində isə 0,05 kilometr təmir-bərpa işləri aparılıb.
Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının 8300 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün “Qaraçuq-1” nasos stansiyası ərazisində Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının tikintisi davam etdirilib. Nasos stansiyanın döşəməsinə beton verilməsi üçün qəliblərin qurulmasına, elektrik binasının dam örtüyünün vurulmasına, körpülü kranın quraşdırılması üçün müvafiq işlərin görülməsinə başlanılıb.
2023-cü ilin avqust ayı ərzində 5 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 465 metr kürə təmizlənmiş, 14.5 metr saybənd hörülüb.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 9 ədədinə yeni nasos quraşdırılmaqla 85-i təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Cəhri qəsəbəsində 1 subartezian quyusu tikilərək istifadəyə verilib.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 7 su sayğacı, 1 nasos rotoru, 20 nasos hissəsi təmir edilib.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 26 evin içməli su xəttinə, 129 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.