Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi şəhid ailələrini ziyarət edib -

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi şəhid ailələrini ziyarət edib - FOTO

16 İyun 2024

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz dövlətimiz və xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Vətən müharibəsi şəhidlərinin ailələrini Qurban bayramı münasibətilə ziyarət edib. Kollektivin üzvləri Vətən müharibəsinin şəhidləri Əli Babyevin, Aqil İsmayılovun və Murad Xəlillinin ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Görüşlər zamanı bildirilib ki, Vətən müharibəsi və Antiterror əməliyyatında Müzəffər Ordumuz Ali Baş komandan İlham Əliyevin başçılığı ilə Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Şanlı tariximizi möhtəşəm Qələbə ilə şərəfləndirdi.

Şəhidlərimizin ailələri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları, cənab Ali Baş Komandanın döyüş əmrinə necə sevinclə qoşulduqları vurğulanıb.

Sonda bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.

Vətən yolunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əydiklərini bildirən kollektiv üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.