Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində istehsalat təcrübəsi keçmiş tələbələrlə görüş keçirilib -

Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində istehsalat təcrübəsi keçmiş tələbələrlə görüş keçirilib - FOTO

25 Aprel 2025

Aprelin 25-də Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin sədri və kollektivi istehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrlə görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakultəsinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində  25 günlük istehsalat təcrübəsi uğurla başa çatıb. Məhkəmənin sədri Hüseyn Məmmədov təcrübə keçən tələbələr haqqında müsbət rəy verərək bildirmişdir ki, istehsalat təcrübələri tələbələrin həyatında çox mühüm rol oynayır. Auditoriyadan universitet aurasından çıxıb öz peşələrinin incəlikləri ilə tanış olmaq onlara gələcəkdə böyük töhfələr verə bilər. Hüseyn Məmmədov tələbələrin təcrübədə olduqları müddətdə məhkəmə prosesinin gedişatı ilə yaxından tanış olduqlarını, hakimlərin və məhkəmə əməkdaşlarının təcrübələrindən yararlandıqlarını xüsusilə vurğuladı. Sədr Hüseyn Məmmədov qeyd etdi ki, bu tələbələrin hər biri gələcəkdə işinin peşəkarı olaraq fəaliyyət göstərə biləcək potensiala malikdirlər.

Tələbələr isə öz növbəsində onlar üçün yaradılan imkanlara və şəraitə görə məhkəmənin sədri Hüseyn Məmmədov başda olmaqla hakimlərə və bütün kollektivə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda  məhkəmənin sədri tələbələrə gələcəyin ən yaxşı vəkili, prokurorluq işçisi, bir sözlə ən yaxşı hüquqşünası olmağı arzu edərək məhkəmə kollektivi adından onlara kiçik hədiyyələr təqdim etmişdir.