Naxçıvan iqtisadi inkişafın mərkəzinə çevirələcək - Xüsusi müsahibə
Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi potensialını tam şəkildə ortaya qoyacaq və regionu beynəlxalq ticarət mərkəzinə çevirə bilər.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində türkiyəli professor, iqtisadçı Kərəm Karabulud bildirib.
Onun sözlərinə görə, bu layihə yalnız Azərbaycanın deyil, həm də bütün Qafqazın iqtisadiyyatına ciddi təsir göstərəcək.
Kərəm Karabulud qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə və Azərbaycanın öncüllüyü ilə "İpək Yolu Ticarət Birliyi" və ya "Qafqaz Ticarət Birliyi" kimi beynəlxalq platformalar yaradıla bilər. Bu birliklər gələcəkdə İran, Rusiya kimi dövlətləri də cəlb etməklə regionun iqtisadi əlaqələrini genişləndirə bilər. Ekspert bildirib ki, hətta Ermənistan doğru siyasət yürüdər və Türkiyə-Azərbaycanla münasibətlərini normallaşdırarsa bu prosesdən faydalana bilər.
Naxçıvan beynəlxalq sərmayə üçün cazibə mərkəzinə çevrilə biləcək
Karabuludun fikrincə, Zəngəzur dəhlizinin açılması Naxçıvana birbaşa sərmayə axını deməkdir. O bildirib ki, bu dəhliz regionun geostrateji əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq investorların diqqətini Naxçıvana yönəldəcək:
"Zəngəzur dəhlizinin açılması Naxçıvanı iqtisadi sıçrayış nöqtəsinə çevirəcək. Bu, yalnız tranzit daşımalarla məhdudlaşmayacaq, həm də ticarət, sənaye və logistika mərkəzlərinin yaranmasına yol açacaq. Əgər bu layihə reallaşarsa, Naxçıvanın iqtisadi potensialı tam şəkildə üzə çıxacaq".
Naxçıvanın orqanik kənd təsərrüfatı məhsullarının iqtisadi potensialı var
Kərəm Karabulud həmçinin Naxçıvanın kənd təsərrüfatı sahəsindəki potensialını vurğulayıb. Onun sözlərinə görə, dünyada orqanik məhsullara olan tələbatın artması bu bölgə üçün yeni imkanlar yaradır:
"Naxçıvanın təbii şəraiti və münbit torpaqları orqanik kənd təsərrüfatı üçün idealdır. Burada istehsal edilən məhsullar dünya bazarlarında yüksək qiymətləndirilə bilər. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bu məhsulların ixrac imkanları daha da genişlənəcək".
Yeni iqtisadi model: Qafqaz Ticarət Birliyi
Kərəm Karabulud Avropa Birliyinə bənzər bir modelin Qafqaz regionunda tətbiq edilə biləcəyini də istisna etmir. Onun fikrincə, bu model region dövlətlərinin iqtisadi əməkdaşlığını daha da dərinləşdirə və Naxçıvanı bu prosesin mərkəzinə çevirə bilər.
Ekspertin fikirləri göstərir ki, Zəngəzur dəhlizi Naxçıvan üçün təkcə nəqliyyat və logistika imkanları yaratmır, həm də yeni iqtisadi inkişaf dövrünün başlanğıcı ola bilər. Naxçıvanın strateji mövqeyi və iqtisadi potensialı onu regionda vacib bir aktora çevirir.
Mətin KAMAL