“Naxçıvan etnoqrafiyası” ikicildliyi ictimaiyyətə təqdim olunub -

“Naxçıvan etnoqrafiyası” ikicildliyi ictimaiyyətə təqdim olunub - FOTO

06 Dekabr 2024

“AMEA Naxçıvan Bölməsi fəaliyyəti dövründə elmi fundamentallıq kəsb edən əsərlər hazırlayaraq nəşr edib. İkicildlik “Naxçıvan ensiklopediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklopediyası”, üçcildlik “Naxçıvan tarixi” üçcildlik “Naxçıvan folkloru antologiyası” və başqa əsərlər bu qəbildəndir. “Naxçıvan etnoqrafiyası” ikicildliyi bu fəaliyyətin davamı və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun növbəti uğurudur”, - bu sözləri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan etnoqrafiyası” ikicildliyinin bu gün keçirilən təqdimat mərasimində söyləyib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, fundamental əsərləri bölmənin fəaliyyətinin əsas göstəricisi adlandıran İsmayıl Hacıyev bildirib ki, ikicildlik “Naxçıvan etnoqrafiyası” müvafiq olaraq 2023 və 2024-cü illərdə çap olunub. Monoqrafiyanın ikinci cildi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində nəşr olunan əsərlər sırasındadır. Əsər “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.

Akademik bildirib ki, “Naxçıvan etnoqrafiyası”nın hazırlanmasında bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun bir qrup əməkdaşının, xüsusilə uzun müddət Etnoqrafiya şöbəsinə rəhbərlik etmiş, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun xüsusi əməyi vardır. Əsərin hər cildi ayrı-ayrılıqda 9 fəsildən və yarımfəsillərdən ibarətdir. “Naxçıvan etnoqrafiyası” Naxçıvan diyarının milli-mənəvi dəyərlərinin araşdırıldığı çoxmüəllifli tədqiqat əsəridir. Əsərdə Naxçıvanın maddi və mənəvi mədəniyyət məsələləri etnoqrafik baxımdan araşdırılıb.

Çıxışının sonunda bölmə sədri “Naxçıvan etnoqrafiyası” ikicildliyinin ərsəyə gəlməsində əməyi olan tədqiqatçıları təbrik edib, onlara fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayıb.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev təqdimat mərasimində “Naxçıvan tarixinin öyrənilməsində “Naxçıvan etnoqrafiyası” əsərinin əhəmiyyəti” başlıqlı məruzə edib.

Professor milli dəyərləri qoruyub gələcək nəsillərə çatdırmağın, ana dilimizi və tariximizi dərin bilməyin hər bir azərbaycanlı üçün önəmindən bəhs edib. Alim bildirib ki, etnoqrafiya xalqın həyat tərzinin, dünyagörüşünün, inanc sisteminin, milli təfəkkürünün, etnognezinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir. Milli adət-ənənələrimiz, həmçinin xalqın İslama qədərki inanc sistemi, kultlara sitayiş ənənəsi barədə geniş məlumat almağa imkan verir.

Məruzəsi zamanı Vəli Baxşəliyev “Naxçıvan etnoqrafiyası”nın əhəmiyyətindən, kitabın ərsəyə gəlməsində əməyi olan alim və tədqiqatçılar barədə məlumat verib. Professor bildirib ki, ikicildlik monoqrafiyanın elmi redaktoru akademik İsmayıl Hacıyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın müxbir üzvləri, professor Hacıfəxrəddin Səfərli, professor Vəli Baxşəliyev, mərhum etnoqraf alim Hacı Qadir Qədirzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova və Səbuhi Həsənovdur.

Tədbirdə “Fundamental nəşr: “Naxçıvan etnoqrafiyası” ikicildliyi haqqında qeydlər”  mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstititunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov əsərin hər iki cildini geniş təsvir edib. Hər fəslin əhatə etdiyi mövzu, araşdırılan etnoqrafik bilgi barədə məlumat verən alim qeyd edib ki, monoqrafiyada etnoqrafik materiallar oxunaqlı təsvir edilib və ardıcıl təhlil olunub. İkicildliyi Naxçıvanın ənənəvi və müasir etnoqrafiyasının əksini tapdığı dəyərli əsər kimi səciyyələndirib.

Alim vurğulayıb ki, etnoqrafik məsələlərin kompleks tədqiqi təkcə günümüz üçün deyil, gələcəkdə də bu sahəyə maraq göstərən, tədqiqat aparan hər bir kəs üçün etibarlı mənbədir.

AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya elmləri doktoru, dosent Zeynəb Quliyeva tədbirdə çıxış edərək bildiriblər ki, əsərdə Naxçıvan etnoqrafiyasının türk dünyası kontekstində öyrənilməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin uğurudur. İkicildlik monoqrafiya Naxçıvan etnoqrafiyasının  spesifikliyinin, rəngarəngliyinin, məhəlli fərqliliklərinin aydın əksini tapdığı dəyərli tədqiqat əsəridir.

Sonda ikicildliyin ərsəyə gəlməsində xüsusi əməyi olan, müəlliflər adından çıxış edən tarix elmləri doktoru, dosent Asəf Orucov bildirib ki, əsər yazılarkən çox saylı ədəbiyyatlarla yanaşı, 300-dən artıq informatordan məlumat toplanıb. Əsərdə ənənəvi və müasir etnoqrafik məsələlər kompleks tədqiq olunub. Alim çıxışının sonunda “Naxçıvan etnoqrafiyası” ikicildliyinin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlıq edib.