
Naxçıvan ədəbi mühiti: Kəmalə Ağayeva
Naxçıvan diyarı ən qədim zamanlardan indiyə qədər, digər sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı və çiçəklənməsi sahəsində də özünəməxsus rol oynamış, mühüm ədəbi-mədəni mühit mərkəzlərindən biri kimi məşhur olmuşdur. Bütövlükdə Azərbaycanda ədəbi-estetik fikrin tarixi inkişaf mərhələləri ilkin sivilizasiya mərkəzlərindən olan Naxçıvan bölgəsinin adı ilə bilavasitə, sıx şəkildə əlaqədardır. Görkəmli ədəbiyyatşünas, akademik İ.Həbibbəylinin yazdığı kimi, Naxçıvanda ədəbi düşüncənin tarixi az qala insanlığın yaranma tarixi ilə üst-üstə düşür. Orta əsr Azərbaycan elm, mədəniyyət və ədəbiyyatının görkəmli nümayəndələri – Kəmaləddin Naxçıvani, Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Nəsrəddin Tusi, Hinduşah Naxçıvani, Sadiq bəy Ordubadi, Məhəmməd Naxçıvani, Baba Nemətulla Naxçıvani və başqa alim, mütəfəkkir-şairlər Naxçıvan torpağının yetişdirdiyi nadir şəxsiyyətlərdir.
Tarixin bütün dövrlərində Naxçıvan Azərbaycanın ictimai-siyasi həyatında öz çəkisi ilə seçilmiş və bütün bunlar da bölgənin ədəbi mühitinə müstəsna təsir göstərmişdir.
XIX əsrin birinci yarısında klassik ədəbi ənənələri və yeni maarifçi baxışları özündə əks etdirən Heyranxanım və Qönçəbəyimin yaradıcılığı, Azərbaycanda məşhur olan səkkiz ədəbi-məclisdən biri kimi şöhrət qazanan “Əncüməni-şüəra” ədəbi məclisi Naxçıvan ədəbi mühitinin səciyyəvi cəhətlərini özündə yaşadır. Həmin əsrin ikinci yarısında M.T.Sidqinin unikal ədəbi-pedaqoji irsi və məktəbdarlıq fəaliyyəti, ötən əsrin ilk əvvəllərində dahi C.Məmmədquluzadənin, E.Sultanovun, Ə.Qəmküsarın milli düşüncənin və qeyrət hissinin ifadəsi olan yaradıcılıqları, Hüseyn Cavidin bəşəri humanizmin təntənəsinə çevrilmiş şah əsərləri, M.S.Ordubadinin tarixi romanları ümum Azərbaycan ədəbiyyatı və mədəniyyətini əlçatmaz yüksəkliklərə qaldırmışdır.
XX yüzillikdə də Ə.Abbasov, M.Təhmasib, Ə.Sadıq, Ə.Abbasquliyev, Məmməd Əkbər, İ.Səfərli, Məmməd Araz, Adil Babayev, Ə.Əylisli kimi Azərbaycan ədəbiyyatının görkəmli simaları məhz Naxçıvan diyarının yetirmələri olmuşlar.
Azərbaycan ədəbiyyatını təmsil edən yazıçı və şairlərin böyük bir dəstəsi Naxçıvanda yaşayıb yaratmışdır. M.Nəsirli, H.Razi, H.İbrahimov, Ə.Yusifli, H.Arzulu, A.Qasımov, E.Qasımova, Həsən Valeh, Elman Həbib, V.Məmmədov, İ.Yusifli, X.Kərimov, M.Qasımzadə və başqaları doğma diyarda ədəbi mühitin canlanması və inkişafına öz töhfələrini vermiş sənətkarlardır. Belə qələm sahiblərindən biri də Naxçıvan ədəbi mühitində görkəmli şair-dramaturq kimi tanınan Kəmalə Ağayevadır. Hələ ötən əsrin ortalarından başlanan və vaxt keçdikcə daha da qüvvətlənən, rəngarəng forma və məzmun zənginliyi ilə seçilən yaradıcılığı, narahat poetik düşüncələri ilə bu istedadlı şair Azərbaycan ədəbi ictimaiyyətinin diqqətini cəlb etmiş, geniş oxucu kütləsinin maraq və sevgisini qazanmışdır. Onun obrazlı düşüncəsini əks etdirən əsərləri müasirlərinin düşüncələri və əxlaqi keyfiyyətləri, Vətən haqqında təmiz hissləri, təbiət və məhəbbət duyğuları, həyatın mürəkkəb problemləri qarşısında insanın axtarışları, dünyada əmin-amanlıq, haqq, ədalət arzuları, din-iman, tanrıya tapınmaq duyğuları ilə bağlı olmuşdur.
A.Kəmalənin yaradıcılıq fəaliyyətinin geniş masştabına kövrək və həzin məhəbbət duyğularını, dünya, insan, zaman haqqında fəlsəfi düşüncələrini, vətənpərvərlik hissləri və vətəndaşlıq ləyaqətini əks etdirən lirik, epik, dramatik əsərləri daxildir. Yurd sevgisi, Vətən və ona məhəbbət, Azərbaycan adlı məmləkət, onun tarixi, ulu keçmişi, maddi-mədəniyyət abidələri, unudulmaz ağır günləri, çiçəklənən çağları şairəni daima məşğul edən mövzulardır.
Kəmalə Ağayevanın ilk kitabı 1961-ci ildə işıq üzü görən, ömrünün bahar çağları ilə səsləşən “Bahar sözü”dür. Sonralar müxtəlif illərdə “Gül yarpağı”, “Sən olmasaydın”, “Arpaçayın nəğməsi”, “Daş piyalə”, “Tanrıya heyranam mən”, “Apardı sellər Saranı”, “Bir gül kimi”, “Vətənə sevdalıyam”, “O dağlarda gözüm qaldı”, “Qönçələr” kimi kitabları nəşr olundu. Bu kitablarda vətənpərvərlik, şəhidlik, ana sevgisi, təbiət gözəllikləri, mənəvi saflıq, inam və inanc duyğuları ifadə olunan əsərlər toplanmışdır. Həmin kitablar haqqında qəzet və jurnallarda dəyərli fikirlər söylənmiş, əsərləri rezonans doğurmuşdur.
Onun dramaturgiyada ilk addımı görkəmli Azərbaycan şairəsi Məhsəti xanım Gəncəvi haqqında yazdığı səhnə əsəri idi. 1962-ci ildə tamaşaya qoyulan bu əsər Azərbaycan teatr həyatında hadisə kimi qiymətləndirildi. Görkəmli teatr tənqidçisi Cəfər Cəfərov “Bakinskiy raboçiy” qəzetində tamaşanı çox yüksək qiymətləndirir, əsərin müəllifi haqqında dəyərli fikirlər söyləyirdi. Sonralar müxtəlif mövzularda olan “İsmət”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı”, “O bizim dağların oğludur”, “Sirli sözlər”, “Göyçək Fatma”, “Kaman səsi”, “Zərrintac”, “Unudulan sözlər”, “Məlik Məmməd” kimi əsərlər səhnə üzü gördü. Kəmalə Ağayeva artıq dramaturgiya sahəsində də tanınmış, özünü istedadlı dramaturq kimi təsdiq edə bilmişdir.
Kəmalə Ağayeva həm də lirik bir şair kimi şöhrət qazanmışdır. Şairin məhəbbət mövzusunda olan şeirləri həyatdan alınıb sətirlərə qəmlə, kövrək hisslərlə düzülürkən hardasa hicran ağrısı çəkən, eşq oduna yanan, ülvi hisslərlə yaşayan bir aşiqin qəlb çırpıntılarını andırır. Bu şeirlər təmiz hisslərlə döyünən bir qəlbin qarşılaşdığı üzüdönüklükdən yaranan iztirabla doludur:
Mən elə bilirdim bütün dünyanın
Saflığı bir səndə cəm olunubdur.
Mən hardan biləydim qəlbin, vicdanın
Təmiz hisslərdən kəm olunubdur.
Kaş ülvi olaydın mən düşünəntək,
O vaxt qırılmazdı qəddi sözün də.
Ah, ürək olsaydı səndəki ürək,
Bir ürək sınmazdı dünya üzündə.
Şairənin məhəbbət lirikasında vüsal, sədaqət, vəfa motivləri daha güclüdür. Burada nəinki iki aşiq sevdası var, həm də onun (insanın) cümlə insanlara mehri-məhəbbəti, adi bir ağaca, daşa, gülə, çiçəyə, aya, ulduzlara, tara, kamana olan sevgisi var. Müəllif bu cür şeirlərində insanları həyatın hər cür gözəlliklərindən zövq almağa, onun gözəlliyini duymağa çağırır, o gözəlliklərə qovuşmağa səsləyir. Şairə göstərmək istəyir ki, həyat gözəlliklərini duyduqca insan saflaşır, daxilən özü də gözəl, təmiz olmağa can atır. Dağ havası, çiçək ətri, ayna çeşmələr, güllü-çiçəkli çəmənlər, torpağa düşən yarpaqlar, yol daşları - bütün bunlar hamısı Kəmalənin qələmində yeni məzmun kəsb edir, şeirin çox vacib elementlərinə çevrilir.
K.Ağayevanın məhəbbət lirikasında ünsiyyət, sədaqət, təmizlik mühüm şərtlərdir. Həyatda isə xəyanətkar, vəfasız və namərdlər də az deyil. Onları gördükcə, könüllərdə qövr edən kədəri duyduqca kövrələn şairə sanki o qəm-kədəri özününküləşdirir:
Dünya, düşünürəm fikrə dalaraq,
Niyə həm xəzanın, həm baharın var?
Bir yanda yaşayır biri solaraq,
Bir yanda nə qədər zülmkarın var.
K.Ağayevanın lirik qəhrəmanı dərin bir məhəbbətlə sevir. Onun bu məhəbbəti təmiz, səmimi, çox-çox yüksəklərdə duran duyğular, hisslərlə zəngindir. Şairə özünün məhəbbət lirikası ilə insana nəciblik, sədaqət və vəfa, fədakarlıq və saflıq, səmimiyyət və etibarlılıq kimi incə hisslər aşılayır, sədaqətsizliyə, vəfasızlığa, üzüdönüklüyə qarşı sədd çəkir. Klassik poeziyamızda “məhəbbət lirikası növündən sayılan şeirlərdə bir qayda olaraq, qızlarımız vəfasız, üzüdönük, cəsarətsiz, dilbilməz, acıdil kimi göstərilir”. A. Kəmalə yaradıcılığında isə bütün bunlar fərqli şəkildədir. Onun “Səndən sonra” adlı şeirində oxuyuruq:
Səndən sonra soldu gülüm,
Çəmən ta o çəmən deyil.
Elə xəzan oldu gülüm,
Bu könlüm ta həmən deyil.
Bu ifadələr sevincli və kədərli, unudulmaz, ağrılı-acılı anların tərcümeyi-halıdır. Göründüyü kimi, şeir şeiri tamamlayır, bu harmoniya Kəmalə Ağayeva yaradıcılığında spesifik cəhət kimi üzə çıxır, reallaşır.
Kəmalə Ağayeva məhəbbətdə məhz belə bir qüdrət görür və onun məhəbbət lirikasında bu, aparıcı xətti təşkil edir.
Qəmgin bir gül kimi solsam da,
Mən yanıb kül olsam da,
Yoxluğunu bilsəm də,
Yenə gözlərəm səni,
Hər an gözlərəm səni.
K.Ağayeva Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınmış, müasir ədəbi tənqid, teatr tənqidçiləri onun yaradıcılığına yüksək qiymət vermiş,əsərlərinə həssas münasibət göstərmişlər. Şairənin yaradıcılıq uğurları haqqında Mirzə İbrahimov, İlyas Əfəndiyev, Cəfər Cəfərov, Abbas Zamanov, Yaşar Qarayev, Yavuz Axundlu, Mehdi Hüseyn, Adil Babayev, Cabir Səfərov, İnqilab Kərimov və başqaları mətbuat səhifələrində dəyərli fikirlər söyləmişlər.
Fəxriyyə Cəfərova
Günay Şirəliyeva