Naxçıvan Dövlət Universitetində də Elektronika və STEAM mərkəzi yaradılıb - FOTO

Naxçıvan Dövlət Universitetində də Elektronika və STEAM mərkəzi yaradılıb - FOTO

24 May 2023

Müasir təhsildə mütəxəssis hazırlığının əsas istiqamət kimi götürüldüyü STEAM metodlarının tətbiqininin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetində Elektronika və STEAM mərkəzi yaradılıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Ali təhsil ocağının rektoru Elbrus İsayev Memarlıq və mühəndislik fakültəsində Mərkəzin açılışında iştirak edib. Bildirilib ki, Elektronika və STEAM mərkəzinin yaradılması elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin əyani təzahürüdür. Vurğulanıb ki, yeni peşələr innovativ  bacarıqlar tələb etdiyi üçün yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə innovativ düşüncənin inteqrasiyasına məhz STEAM birbaşa təsir imkanına malikdir. Yeni yaradılan mərkəzin nəzəri və praktik cəhətdən əhəmiyyətli olduğunu diqqətə çəkən Elbrus İsayev qeyd edib ki, yaradılan mərkəz universitetdə texnopark üçün birbaşa kadr hazırlığıdır. Burada İnformasiya texnologiyaları, Komputer mühəndisliyi, Elektrik və elektronika, Elektroenergetika, Proseslərin avtomatlaşdırılması ixtisaslarında oxuyan tələbələr  öz biliklərini tətbiq edəcəklər. Universitet həyatı üçün çox mühüm əhəmiyyət daşıyan mərkəzin açılışı münasibətilə bütün kollektivi təbrik edən rektor müəllim və tələbələri Mərkəzin fəaliyyətindən lazımınca istifadə edib innovativ layihələrlə müsabiqə və yarışlarda iştirak etməyə çağırıb.

Fakültənin dekanı, professor Cavanşir Zeynalov qeyd edib ki, yaradılan Elektronika və STEAM mərkəzi yeni avadanlıq və qurğularla təmin olunub, bu sahədə müxtəlif nəşrlər hazırlanıb. Bu günədək fəaliyyət göstərən Robototexnika kabinəsindən istifadə edərək müxtəlif vaxtlarda fakültədə sərgilər keçirilib, tələbələrimiz bir çox yarışlarda, o cümlədən ölkə və beynəlxalq səviyyəli müsabiqələrdə iştirak edib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “STEAM Azərbaycan Festivalı - 2022”, “ROBOTEX Türkiyə ”və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edən tələbələrimiz  uğurlu nəticələr əldə ediblər. Vurğulanıb ki, mərkəz zəruri avadanlıqlarla –3D printer, CNC-lazer, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, 1 ədəd Smart monitor və kompüterlə təmin olunub.

Professor həmçinin nəzərə çatdırıb ki, STEAM dərslərinin tədrisində “3D çap”, “Microbit və arduino ilə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Robototexnika”, “Tədris dronları” mövzuları tədris olunacaq. Tələbələr bu mərkəzdə həm öz biliklərini zənginləşdirəcək, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcəklər. Tələbələr elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq, nəticədə sənayeyə hazır məhsul təklif edə biləcəklər. 

 Sonra ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Memarlıq və Elektronika” adlı sərgiyə baxış olub. Tələbələrin 30-a yaxın kompozisiya, bərpa işi, yeni layihələr, kənd memarlığı, şəhərsalma, ilk dəfə olaraq 3D qrafikadan hazırlanmış memarlıq layihələri sərgidə nümayiş olunub.

Elektronika sərgisində isə asfalt örütüyü üzərindən yağış sularının xüsusi hopdurucular vasitəsilə özünə çəkməsi və xüsusi hazırlanmış çənlərə toplanmaqla gələcəkdə istifadə üçün toplanması, hovuzların təmizlənməsi üçün avtomatik yaradılmış qurğu, süni intellekt vasitəsilə istifadə olunan market təqdim olunan layihələr arasında daha çox diqqəti çəkib. Eyni zamanda burada mükəmməl, daha çox funksiya yerinə yetirən VEX proqramı vasitəsilə xüsusi layihələr nümayiş olunub. Məhsulların tipinə görə çeşidlənməsi, fiziki qüsurlular üçün əl ilə idarə olunan avtomobil, müasir avtombillərdə təhlükəsizliyin qaşısını almaq üçü sensorlar vasitəsilə yoldan kənara çıxmağın qarşısını alan tətbiq, tullantı məhsullarının çeşidlənməsi və maşınlar vasitəsilə uyğun malların daşınması məhz bu texnologiyadan istifadə etməklə yaradılıb.

Qeyd edək ki, metal əsaslı robototexnika platforması olan proqram tətbiqi daha asan, kodlaşdırma daha rahat həyata keçirilir. Bu platformadan xüsusi robot mexanizmlərinin qurulmasında istifadə etmək olar.

Sonda rektor ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Memarlıq və Elektronika” adlı sərgidə fəal iştirak etdiklərinə görə bir qrup tələbəni təşəkkürnamə ilə təltif edib.