Naxçıvan Dövlət Milli Dram Teatrında yeni tamaşanın premyerasi oldu -

Naxçıvan Dövlət Milli Dram Teatrında yeni tamaşanın premyerasi oldu - FOTO

26 Yanvar 2025

Naxçıvan teatrsevərləri daha bir unudulmaz gecənin şahidi oldu. 2025-ci ilin yanvar ayının 25-də, Qriqori Qorinin ölməz əsəri "Herostratı unudun" tamaşasının premyerası C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində baş tutdu.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Herostratı unudun" əsəri, insanlıq tarixində adını cinayət yolu ilə yaddaşlara yazmaq istəyən antik dövr adamı Herostratın həyat hekayəsini əks etdirir. Bazar alverçisi olan sadə Efes vətəndaşı Herostrat adını tarixə yazdırmaq üçün Efesdəki Artemida məbədini yandıraraq şöhrət qazanmaq istəyir. Amma 120 ilə inşa edilən və dünyanın 7 möcüzəsindən bri sayılan məbədin yandırılması cəmiyyətdə böyük bir hiddətə səbəb olur. Hersotaratın adının unudulması və tarixdən silinməsi ilə bağlı ən yüksək səviyyədə qərar verilir. Herostrat isə mütləq tarixdə qalmaq istəyir. Son ana qədər bunun üçün mübarizə aparır. Herostartın şəxsi və cəmiyyətin ümumi faciəsi də bu zaman başlayır. Əsər də məhz bu faciənin mənəvi, etik və cəmiyyət baxışından təhlilini verir. Dram əsərinin mərkəzində şöhrət ehtirası, çətin etiqad dilemması və cəmiyyətin güzgüsü kimi rol oynayan tarixi hadisələr dayanır.

Tamaşa dərin psixoloji qatları və müasir dünyagörüşü ilə izləyicilərin qəlbini fəth etdi. Əsərdə, tarixin çox maraqlı bir dövründə baş verən, şəxsiyyət ambisiyalarının insan taleyinə necə təsir etdiyini ortaya qoyan bir hadisə bir saat yarım tamaşaçının gözü qarşısında “baş verdi”. Əslində rejissor səhnədə özünün ideyalarını müəllifin fikrinə qataraq öz üslubu ilə kimin haqlı, kimin haqsız olduğunu sanki tamaşaçının ixtiyarına buraxır.

Amansız teatr üslubunda qurulan tamaşada həmçinin aktyorların ifası daha çox şəxsiyyəti əks etdirən və dramatizmlə dolu anlar yaratmağı bacardı. Dinamika, düzgün aktyor seçimi, maraqlı mizanlar, işıq effektləri və musiqi tərtibatı da diqqəti çəkir. Tamaşa o qədər ustalıqla hazırlanıb ki, hər bir aktyor öz oyunu ilə tamaşaçının yadında qala bilir.

Tamaşanın quruluşçu rejissoru teatrın direktoru və baş rejissor Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlidir.

“Herostratı unudun” tamaşasında rolları xalq artisti Rza Xudiyev, əməkdar artistlər Əbülfəz İmanov, Səməd Canbaxşiyev, Bəhruz Haxverdiyev, aktyorlardan Səkinə Məmmədova, Zakir Fətəliyev, Zəminə Məmmədova, Anar Eyvazov, Xəlil Hüseynov və Saynur Babayev ifa edir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı yaradıcılıq axtarışları və teatra yenilikçi baxışı təqdim etməkdə davam edir. "Herostratı unudun" tamaşası teatrın dövlət səviyyəsində mədəni irsə verdiyi dəyərlərin bir daha göstəricisidir.