Muxtar respublikanın su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

Muxtar respublikanın su təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir

11 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin avqust ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb, hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib. Belə ki, 2024-cü ilin avqust ayının sonunda su anbarlarında 209,96 milyon kubmetr  su ehtiyatı mövcud olub. Su istifadəçilərinə avqust ayı ərzində 28,55 milyon kubmetr su verilib, bunun müqabilində 22 977 hektar torpaq sahəsi suvarılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin  mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 2024-cü ilin avqust ayı ərzində 0,57 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib, 14,77 kilometr beton və torpaq kanallar, 20,57 kilometr ara arxlar, 4,75 kilometr kollektor lildən təmizlənib, 2,19 kilometr içməli su, 0,01 kilometr kanalizasiya xətti, 1,05 kilometr suvarma boru xətti çəkilib, 2,89 kilometr mövcud içməli su xətlərində, 0,08 kilometr kanalizasiya xətlərində, 1,2 kilometr kaptajlarda, 0,05 kilometr qapalı drenajlarda, suvarma boru xətlərinin  0,4 kilometr hissəsində və təzyiqli boru xətlərinin 1,23 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmiş, qapalı drenajlarda təmir-bərpa işi aparılıb. Şərur rayonunda Kərimbəyli kollektorunda 2,5 kilometr, Qorçulu kollektorunda 1,2 kilometr olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 3,7 kilometr, Babək rayonunda Nehrəm kollektorunda 0,7 kilometr, Kəngərli rayonunda 0,35 kilometr kollektor lildən təmizlənib, Babək rayonunun Nehrəm qəsəbəsində isə 0,05 kilometr qapalı drenaj xətti təmir edilib. Görülən işlər nəticəsində Şərur rayonunun 44 hektar, Babək rayonunun 10 hektar, Kəngərli rayonunun isə 4 hektar olmaqla, ümumilikdə, 58 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan 1450 metr uzunluğunda, Culfa rayonunun Bənəniyar kəndində isə 340 metr və 290 metr uzunluğunda yeni suaparıcı boru xətləri çəkilib.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Belə ki, Şərur rayonunda “Arpaçay-2”, “Günəşli”, “Muğanlı”, “Qorçulu”, “Kərimbəyli-1” və “Həmzəli-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,06 kilometr hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,48 kilometr hissəsində, Şahbuz rayonunda “Əcəmi-1” nasos stansiyasının və “Külüs” subartezian quyusunun təzyiqli boru xətlərinin 0,16 kilometr hissəsində, Ordubad rayonunda “Əylis-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,1 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,18 kilometr hissəsində, Naxçıvan şəhərində “Sərhəd dəstəsi” nasos stansiyasının təzyiqli boru xəttinin isə 0,24 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

2024-cü ilin avqust ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə işlər davam etdirilib. Kəhrizlərdə 210 m kürə təmizlənib, 3 metr saybənd hörülüb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4 ədədinə yeni nasos quraşdırılmaqla, 67 ədədi əsaslı təmir olunub. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Vayxır kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb. Quyuda yuma işləri aparılaraq işlər davam etdirilir.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 20 evin içməli su xəttinə, 47 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.