Muxtar Babayev: İqlim dəyişikliyi cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir

Muxtar Babayev: İqlim dəyişikliyi cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir

05 Noyabr 2024

İqlim dəyişikliyi, münaqişələr və həssas icmalar arasındakı qarşılıqlı təsir həm planetin təhlükəsizliyini, həm də cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həssas icmaları qorumaq üçün birgə həll yolları müəyyən edilməlidir:

"Bu səbəbdən Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 – İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb".

Nazir xatırladıb ki, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir:

"Həssas icmaların su təhlükəsizliyini təmin etmək və iqlim təsirlərinə uyğunlaşmalarına dəstək olmaqla iqlim dəyişikliyinə adaptasiya sahəsindəki digər təşəbbüslərlə sıx əlaqəlidir. Eyni zamanda enerji saxlanması və şəbəkələrinin genişləndirilməsi təşəbbüsü, 2030-cu ilə qədər qlobal enerji saxlama qabiliyyətini artıraraq dayanıqlı enerjiyə əlçatanlığı və davamlı inkişaf imkanlarını genişləndirməyə töhfə verəcək".

M.Babayev vurğulayıb ki, Azərbaycanın öhdəliyi yalnız dialoqu təşviq etməklə məhdudlaşmır:

"Azərbaycan müxtəlif perspektivləri və prioritetləri bir araya gətirən bir körpü rolunu oynamağa qərarlıdır. Şərqlə Qərbin qovuşduğu bir ölkə kimi, inkişaf etmiş, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr arasında dialoqu asanlaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün bütün mümkün səyləri göstəririk".