Mövludun mübarək cənab kapitan!
18 iyun şəhid kapitan Cəmiyev Aşurun cənnətdəki doğum günüdür.
Kapitan Cəmiyev Aşur Bəybala oğlu 1989-cu ildə Şahbuz rayonun Külüs kəndində anadan olub. Hərb həyatı bir qəhrəmanlıq salnaməsi olan Aşur hələ uşaqlıqdan vətənpərvərliyi ilə həmyaşıdları arasında seçilib.
Şəhidin ailəsini ilk ziyarətimizi yaxşı xatırlayıram. Atası Bəybala kişidən öyrəndik ki, orta məktəbdə təhsil aldığı illərdə onun masasında həmişə Azərbaycan bayrağı olub. Uşaqlıqda atasının aldığı hərbi geyimi o qədər sevirmiş ki, yatanda da o paltarları əynindən çıxarmayıb. Övladının Vətənə, bayrağa və hərb sənətinə bu qədər sevgi ilə böyüməsi atasını, mərhum anasını nə qədər fərəhləndirib, sevindirsə də qəlbinin kənarında bir ağrısı qalıb. Müharibə ağrı-acısını, qanlı qadalı günləri görən valideynləri övladının həyatı üçün hər zaman narahat olub.
Aşur orta məktəbin 8-ci sinfini bitirən kimi sənədlərini Heydər Əliyev adına Naxçıvan Hərbi liseyə təqdim edir. 2003-2006-cı illərdə təhsilini müvəffəqiyyətlə başa vuran Aşur 2010-cu ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (DTX)akademiyasının sərhəd qoşunları fakültəsinin məzunu olub.
Tək arzusu Vətəninin çətin zamanlarında öndə döyüşmək, bu müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalmaq olan Aşur 2020-ci 27 sentyabrda başlanan Vətən müharibəsinə qatılır.
Aşur əslində sərhədçi olub. Lakin buna baxmayaraq könüllü olaraq ərizə ilə müraciət edərək müharibəyə qatılmaq istəyini bildirib. Əvvəl ərizəsi qəbul edilməsədə inadından əl çəkməyən Aşurun müraciəti sonradan qəbul edilir və döyüşlərə qoşulur.
Atası Bəybala kişi deyir ki, Aşur döyüşlər getdiyi zaman az da olsa zəng edir, mesaj yazırdı. " Ölmədən öldürmək lazımdır, biz buna çalışırıq",-deyirdi. O, Şuşa qalasına bayraq sancmadan şəhid olmaq istəmirdi.
Aşur Xudafərinə, Zəngilana üçrəngli bayrağımızı sancan oğullar sırasında olmağın sevincini yaşayıb. Lakin Şuşanı görmək, oraya bayrağımızı sancmaq oğluma nəsib olmadı. Oktyabr ayının əvvəlində bizlə telefon əlaqəsi saxladığı zaman yaralı olub. Amma bizə bildirməyib. Heç döyüş yoldaşları da onun 15 gün ərzində yaralı halda döyüşdüyünü bilməyib. Hər kəsdən gizlədib. Vətən torpağını düşmən tapdağından azad etməyi öz yarasının sağalmasından üstün tutan oğlum Zəngilan da gedən son döyüşdə düşmən snayperi gülləsinə tuş gəlib".
Kapitan Cəmiyev Aşur Milli Qəhrəman Mübariz İbrahimovun yolunu özünə döyüş yolu seçmişdi. Hətta Mübarizin anım günü onun doğum gününə təsadüf etdiyindən 2010-cu ildən sonra ad günü qeyd etməyib.
Döyüş zamanı onun üçün çox narahat olan dostuna göndərdiyi səs yazısındakı iki cümləsi bu gün dillər əzbərinə çevrilib. "Ən gözəl ölüm şəhidlikdir. Ondan o tərəfi yoxdur..."
Aşur bu səs yazısını dostuna göndərdikdən sonra çox çəkmir ki, arzusunda olduğu o yüksək məqama yüksəlir. Təəssüf hissilə bildirirəm ki, ürək çatışmazlığından əziyyət çəkən qəhrəmanımızın anası Gülnar xanım da bir il sonra vəfat etdi. Məkanı cənnət olsun.
İndi atalarına layiq olmağa çalışan, gələcəyin müzəffər iki əsgəri və bir qız övladı Vətənə və bizə əmanətdir. Necə ki, Aşur Cəmiyev bütün Azərbaycan xalqının övladıdır, onun övladları da bizim övladımızdır. Bu gün biz də qəhrəmanımızı, onun anasını məzarı başında andıq.
Azərbaycan Respublikasının ərazi bötüvlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş , vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə " ordeni , Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib
Ruhun şad olsun şəhidim!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü