Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

29 May 2023

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə Qahirənin tanınmış beşulduzlu mehmanxanalarından biri olan “Sofitel Gazerah” otelində rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Misirin nüfuzlu ictimai-siyasi xadimləri, dini konfederasiyaların nümayəndələri, Qalubiyyə vilayətinin qubernatoru, Cənubi Sinay yarımadası qubernatorluğunun təmsilçiləri, bu ölkənin parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, nazirliklərin təmsilçiləri, iş adamları, jurnalistlər, müxtəlif universitetlərin rəhbər və müəllim heyəti, diaspora üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumat verərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb. O, 2023-cü ildə müstəqilliyimizin 105-ci ildönümünü ilə yanaşı, Azərbaycan-Misir münasiblərinin inkişafında xüsusi rol oynamış və 1994-cü ildə Misirə rəsmi səfər etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının yüz illiyini də qeyd etdiyimizi söyləyib, bununla əlaqədar səfirliyimiz tərəfindən bir sıra akademik, idman və mədəni tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib, qonaqları tədbirlərdə iştiraka dəvət edib.

Misirlə Azərbaycan arasında dostluq münasibətlərinə toxunan E.Poluxov bu münasibətlərin uzun tarixə malik olduğunu qeyd edib, 2023-cü il ərzində qarşılıqlı yüksək səfərlərin həyata keçirildiyini xatırladaraq, əsasən də yanvar ayında Misir Prezidenti Əbülfəttah Əl Sisinin Azərbaycana səfərindən və bu səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaratmasından söhbət açıb.

Qəbulda qonaqlara digər mətbəxlərlə yanaşı Azərbaycan şirniyyatları da təqdim edilib, tədbir milli musiqimizlə müşayiət olunub.

Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.