Miqrantların fövqəladə hallara hazırlığı ilə bağlı seminar keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən Miqrasiya üzra Regional Təlim Mərkəzi çərçivəsində “Miqrantların fövqəladə hallara hazırlıq, cavab tədbirləri və bərpa proseslərinə inteqrasiyası” mövzusunda iki günlük seminar keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, seminarda Dövlət Miqrasiya Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Seminarın məqsədi miqrantların qorunmasına xüsusi diqqət yetirilməklə, aidiyyəti dövlət qurumlarının və rəsmilərinin böhran hazırlığı, cavab tədbirləri və bərpa prosesləri sahəsində potensialını artırmaq, COP29 məqsədlərini, iqlim dəyişikliyi və fövqəladə hallar arasındakı əlaqəni araşdırmaq, çətinlikləri aradan qaldırmaq üçün potensial həll yollarını və istiqamətlərini müəyyən etməkdir.
İki gün davam edən seminar zamanı BMqT mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı miqrantlarla ünsiyyət qurulması, onların ehtiyaclarının müəyyənləşdirilməsi, böhran vəziyyətlərinə hazırlıq proseslərinə miqrantların cəlb edilməsi və böhran zamanı miqrasiyanın idarəedilməsi üçün fövqəladə hallar planının işlənib hazırlanması mövzularında təqdimatlar edilib, iştirakçılar tərəfindən qrup işləri hazılanaraq təqdim edilib.