Milli Məclis: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar var
“Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar var”.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibətində qeyd olunub.
Vurğulanıb ki, Ermənistan rəhbərliyinin “Azərbaycanın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyana bir daha xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. Hazırda regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır.
“Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Ona görə də, Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə və sülhə töhfə verməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.