“Mənim hüquqlarım, mənim gələcəyim” mövzusunda maarifləndirici tədbir keçirilib -

“Mənim hüquqlarım, mənim gələcəyim” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

20 Fevral 2025

Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” na uyğun olaraq “Mənim hüquqlarım, mənim gələcəyim” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva açaraq müvafiq istiqamətdə aparılan maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova çıxış edərək bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Həmçinin erkən nikah hallarının və qohum evliliklərin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzaların sərtləşdirilməsi, bu halların təkrarlanmamasına və sağlam nəslin formalaşmasına hesablanıb.

Daha sonra Komitənin əməkdaşı Elsun Cahangirli qeyd edib ki, dünyadakı bütün uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı olduğundan, məhz dövlətimizin qanunvericilik sistemində uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində etibarli təminat mexanizimlərindən bəhs etmişdir.

Çıxış edənlər təqdimat vasitəsi ilə erkən və qohumlar arasında nikah hallarının qarşısının alınması, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə, uşaq əməyinin qraşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması, yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış kimi önəmli məsələlərə toxunmuşlar.

75 nəfərin yararlandığı tədbirdə iştirakçılara maarifləndirici broşürlar paylanılmışdır.