
Məhəmməd Füzuli və dilimiz
Məhəmməd Füzulinin anadan olmasından 530 il keçir
Azərbaycan dili qədim və zəngin tarixə malik bir dildir. Bu dil rəngarəng, zəngin dil faktlarına əsaslanır. Dilimiz inkişaf etmiş fonetik, leksik, qrammatik sistemə, bir sözlə, çoxcəhətli və əhatəli üslublara malikdir. Azərbaycan dili uzun, ziddiyyətli bir yol keçmiş, özünün inkişaf və çiçəklənmə dövrünə qədəm qoymuşdur.
Azərbaycan dilinin ədəbi dil kimi inkişafında yazıçılarımız, alimlərimiz, sənət adamlarımız böyük rol oynamış, dilimizdə gözəl sənət nümunələri yaratmışlar. Yazıçı və şairlərimiz bütün yaradıcılıqları boyu bu ənənəyə sadiq qalmış, dilimizin inkişafında böyük rol oynamışlar.
Dilimizin ədəbi dil kimi inkişafında yazıçı və şairlərin rolu danılmazdır. Dilimiz məhz onların əsərlərində inkişaf etmiş, ədəbi dil səviyyəsinə qalxmışdır. Anadilli ədəbiyyatımızın zənginləşməsində İzzəddin Həsənoğlu, Nəsimi, Xətai kimi şairlərimizin rolu olduqca böyükdü. Bu dildə gözəl sənət nümunələri yazmaq, bu dilə məhəbbət yaratmaq böyük qəhrəmanlıq nümunəsidir.
Bir sözlə, xalqımız öz doğma dilini inkişaf etdirmiş, ən gözəl sənət əsərləri məhz bu dildə yazılmışdır. Həsənoğlu, Nəsimi, Füzuli, Xətai kimi dahi sənətkarlarımız bu dildən ilham almış, dünyaşöhrətli əsərlərini bu dildə yazmışlar. Bunda böyük xoşbəxtlik ola bilərmi?
Ana dilində yazan, bu dili yüksək zirvəyə qaldıran şairlərimizdən biri də Məhəmməd Füzulidir.
Nəsimidən sonra Ana dilimizdə şeirin ən gözəl nümunələrini yaradanlardan biri Məhəmməd Füzulidir. Məhəmməd Füzuli öz anadilli əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi adını tarixə əbədilik həkk etmişdir. Əsərləri ilə dilə xidmət edən Füzuli dilimizin ən yüksək zirvəsini fəth etdi. Bu səbəbdəndir ki, Füzuli yaradıcılığı həmişə diqqətdə olmuş, bu istiqamətdə böyük işlər görülmüşdür. Bunun bariz nümunəsi isə Ölkə Prezidentinin imzaladığı sərəncam oldu.
25 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncam mühüm tarixi bir hadisə kimi dəyərləndirilməlidir. Sərəncamda qeyd edilir:”2024-cü ildə dahi Azərbayvan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət anlayışı və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşəri mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir”.
XVI əsr dilimizin inkişafı baxımından aktuallıq kəsb edir. Bu dövrdə də dilimizin inkişafı istiqamətində böyük işlər görülür. Yenə də doğma Ana dilimizdə gözəl əsərlər yazılır. Doğma Ana dilimiz Yaxın Şərq konteksində ən böyük zirvəyə qalxır. Amma bunlar öz-özlüyündə baş vermir. Çünki bu işlərin arxasında böyük şair Məhəmməd Füzuli dayanırdı. Məhəmməd Füzuli dilimizin yüksək inkişaf mərhələsini yaratmaqla Anadilli poeziyamızın zirvəsində dayandı.
Belə bir fikir var. Bu fikrə görə, şairlik dilə münasibətdən başlanır. Bir şairin kimliyi, bədii-poetik mərtəbəsi onun dilə münasibəti ilə ölçülür. Biri var hazır dildən istifadə edəsən, biri də var ki, dili özün yaradasan. Hazır dildən istifadə edən şairlər də var. Amma elə şairlər də var ki, dili yaradır, dili cilalayır. Məhəmməd Füzuli də məhz dil yaradan şair idi.
Füzuli nəinki öz dilini yaratdı. Hətta öz yaradıcılığı ilə Azərbaycan ədəbi dilinin yeni mərhələsini yaratdı. Füzuli yaradıcılığından bəhs edən dilçi alim Dəmirçizadə yazırdı: “Füzuli Azərbaycan ədəbi dilinin inkişaf tarixində əlamətdar cəhətlərə malik xüsusi bir mərhələnin yaradıcısı olmuşdur. Bu mərhələ isə Azərbaycan ədəbi dilinin inkişaf tarixində feodalizim dövrünün ən yüksək zirvəsini təşkil edən bir mərhələdir və bu mərhələnin əsasını təşkil edən Füzuli üslubu nəinki sonrakı mərhələdə, hətta sonrakı dövrdə də uzun müddət yaşamış və əsrlər boyu nüfuzlu üslublardan biri sayılmışdır” .
Füzuli fars dilində yazmağı bir o qədər də məharət saymamış, bu dildə yazmağı acizlik, zəiflik hesab etmişdir. Şair bu haqda belə yazırdı:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Məhəmməd Füzuli yazdığı gözəl əsərləri ilə dilimiz haqqında deyilən “bəhərsiz və qaba” fikirlərinin əsassız olduğunu sübut etdi. Füzuli yaradıcılığı ilə dilimizdə güllər açıldı. Doğma Ana dilimizdə şah əsərlər yazıldı.
Füzulinin ədəbi dilimizin inkişafında oynadığı rolu bir-neçə cəhətdən xarakterizə olunur. Füzuli ilk dəfə olaraq:
- Azərbaycan dilində böyük həcmli əsərlər yazmışdır;
- Müxtəlif janrlarda əsərlər yaratmışdır;
- Qəzəl janrını ən yüksək zirvəyə qaldırmışdır.
Əlbəttə, Füzuli yaradıcılığı ilə dilimizdə gözəl şah əsərlər yazıldı. Dilimiz Füzuli yaradıcılığında bir daha özünün ən yüksək zirvəsini fəth etmiş oldu. Füzuli yaradıcılığının əsasını təşkil edən qəzəllərindən birinə diqqət yetirək:
Könlüm açılır zülfi-pərişanını görgəc,
Nitqim tutulur qönçeyi-xəndanını görgəc.
Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-müjganını görgəc.
Rə’nalıq ilə qaməti-şümşadı qılan yad,
Olmazmı xəcil sərvi-xuramanını görgəc?
Çox eşqə həvəs edəni gördüm ki, həvasın
Tərk etdi, sənin aşiqi-nalanını görgəc.
Kafər ki, degil mö’tərifi-nari -cəhənnəm,
İmanə gələr atəşi-hicranını görgəc.
Naziklik ilə qönçeyi-xəndanı edən yad,
Etməzmi həya lı’li-dürəfşanını görgəc?
Sən hali-dilin söyləməsən, nola, Füzuli,
El fəhm qılır çaki-giribanını görgəc .
Füzuli yaradıcılığı onu deməyə əsas verir ki, şair öz əsərlərində Ümumxalq dilimizin bütün incəliklərindən məharətlə istifadə etmişdir. Şairin işi bununla bitməmiş, eyni zamanda, yazılı ədəbi dilimizin şifahi ədəbi dilə yaxınlaşmasında da böyük səy göstərmişdir.
Dilçi alimimiz Dəmirçizadənin yenə bir fikri yada düşür: “Məhəmməd Füzuli güclü söz hissi olan sənətkardır-heç təsadüfi deyildir ki, Azərbaycan ədəbi-bədii dilinin inkişafında, klassik şeir üslubunun yüksək zirvəyə qaldırılmasında Füzulinin böyük xidmətlərindən birisi, həm də birincisi, onun tərəfindən bir çox Azərbaycan sözlərinin şeir dilinə gətirilməsində və əvvəlki mərhələdə ədəbi dildə işlənilən bir sıra ərəb-fars sözlərinin, ifadələrinin azərbaycanca sözlərlə, ifadələrlə əvəz edilməsində, Azərbaycan dili vahidlərinin zənginləşdirilməsində və aparıcılıq xüsusiyyətlərini gücləndirməsindədir”.
Füzuli elə bir sənətkar olub ki, onun yaradıcılığı həmişə tədqiq edilib, yubileyləri keçirilib. Ulu öndərimiz Heydər Əliyev də Füzuli irsini həmişə diqqətdə saxlayıb, onun yaradıcılığına yüksək qiymət verib. 8 noyabr 1996-cı ildə dahi söz ustadı Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə təntənəli yubiley gecəsi keçirilir. Gecədə iştirak edən Ulu öndər Heydər Əliyev Füzuli yaradıcılığına yüksək qiymət verərək deyirdi: “…Məhəmməd Füzuli əsərlərinin çox hissəsini türk dilində, bu günkü Azərbaycan dilində yazmışdır. Bu, Məhəmməd Füzulini ondan əvvəl, sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alimlərdən fərqləndirən amildir. Biz Füzulinin “Leyli və Məcnun” poemasını, onun türk dilində yazdığı divanını bu gün də dilimizdə rahat oxuyur, anlayırıq.
Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, Ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir”.
Ulu öndərimizin də qeyd etdiyi kimi, böyük şairimiz Məhəmməd Füzuli Ana dilində yazdı, yaratdı. Şair bu dilin üzərində dönə-dönə işlədi, işlədikcə də dili daha da cilaladı. Yazıb-yaratdıqca da dərk etdi ki, bu dil tək bir şairin deyil, bütün millətin dilidir. Şair bunu dərk etdikcədə daha da ilhamlandı, özünün şah əsərlərini bu dildə yazdı.
Füzuli irsindən bəhs edən dilçi alim Nizami Xudiyev yazırdı: “Azərbaycan ədəbiyyatı və eləcə də Azərbaycan ədəbi dili tarixində Məhəmməd Füzulinin nüfuzu elə idi ki, uzun zaman Füzulidən sonrakı əsrlər ədəbiyyatımızın və ədəbi dilimizin tənəzzül dövrü sayılmışdır-həmin fikrin artıq köhnəldiyi dəfələrlə qeyd olunmuşdur, lakin burada köhnəlməyən bir şey vardır ki, o da dahi şairin Azərbaycan ədəbi dili tarixinin bütöv bir mərhələsini təşkil edən sözünün nüfuzudur. Füzulidən sonra Füzuli məktəbi uzun zaman yaşadı-onun nüfuzunu sındırmaq əsrlər boyu heç kimə nəsib olmadı, çünki bu, eyni zamanda, Ana dilinin tarixi nüfuzu idi”.
Bu gün Füzuli əsərləri sevilir, dildən-dilə gəzir. Füzuli elə bir ədəbi məktəb qoyub getdi ki, gələcək nəsillər bu məktəbdən dərs alacaq, Füzuli əsərlərinin dili ilə dilimizin qüdrətinin şahidi olacaqlar. Füzuli ana dilinin gözəlliklərini bizlərə göstərdi, bu dildə yazmaq ənənsinin əsasını qoydu.
Bir sözlə, Füzuli Azərbaycan ədəbi dil tarixində elə bir zirvəyə qalxdı ki, uzun illər bu zirvəyə heç kim qalxa bilmədi.
Fəxriyyə CƏFƏROVA