Komitə tərəfindən növbəti maarifləndirici seminar keçirilib -

Komitə tərəfindən növbəti maarifləndirici seminar keçirilib - FOTO

14 Oktyabr 2024

Uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirici seminarlar davam etdirilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində növbəti seminar Naxçıvan şəhərində keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Səfər Tağıyev və “Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti”nin Sanitar-karantin şöbəsinin müdiri Qurbani İbrahimov çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.

Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət uşaq müəssisələrinin tibb bacıları və sanitar-gigiyenik vəziyyətə məsul şəxslərinin iştirak etdiyi tədbir diskussiya xarakterli olub. 30 nəfərin yararlandığı seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.