KOB Model Müəssisəsinin imkanlarından 61 sahibkarlıq subyekti faydalanıb

KOB Model Müəssisəsinin imkanlarından 61 sahibkarlıq subyekti faydalanıb

12 Sentyabr 2024

Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin bilik və bacarıqlarının artırılması üçün bu ilin mart ayından Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisəsinin imkanlarından artıq 61 sahibkarlıq subyekti faydalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, onlar model müəssisədə keçirilən təlimlərdə öyrəndikləri bilik və metodları istehsal prosesində tətbiq edib uğurlu nəticələr əldə ediblər, o cümlədən istehsalatda məhsuldarlığın artmasına nail olublar, vaxt və xərclərə qənaət ediblər. Belə ki, KOB Model Müəssisəsində keçirilən təlimlərdə iştirak etmiş şirkətlərdə istehsal prosesinin müxtəlif mərhələləri üzrə vaxt itkisi faizinin azaldılmasına, istehsal və ondan sonrakı mərhələlər üzrə israfın qarşısının alınmasına nail olunub.

KOB Model Müəssisəsini KOBİA yaradıb. Onun xidmətlərindən sənaye məhsullarının istehsalı ilə məşğul olan biznes subyektləri pulsuz istifadə edə bilərlər. Bunun üçün sahibkarlar agentliyə, eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Agentliyə daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir, tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq, mərhələli şəkildə təlimlərə cəlb olunurlar. Müəssisənin təlimlərində sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.

KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər Model Müəssisə ilə yanaşı, KOBİA-nın ödənişsiz təlimlərindən, məsləhət xidmətindən, biznes planın hazırlanması və beynəlxalq ixtisasartırma kursunda iştiraka dəstəyindən faydalana bilərlər.