“Kitabların elmi və texniki qaydada işlənməsi” mövzusunda tədbir keçirilib - FOTO
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabların elmi və texniki qaydada işlənməsi” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirmişdir ki, kitabxana işçilərinin peşəkarlığının artırılması məqsədilə tədbirlərin keçirilməsi kitabxanaçıların bilik və bacarıqlarının artmasına, peşə səviyyələrinin yüksəlməsinə daha çox imkan yaradır.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Kitabların elmi və texniki qaydada işlənməsi” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabların texniki cəhətdən işlənməsinə kitaba cibliyin və müddət vərəqəsinin yapışdırılması, kitab formulyarının yazılıb kitabın cibliyinə qoyulması nəzərdə tutulur. Kitab formulyarında kitabın indeksi, inventar nömrəsi, sərlövhə və təsvirin başlığı, nəşr ili və nəşrin qiyməti qeyd edilir. Müddət vərəqəsində isə oxucu formulyarının nömrəsi və kitabın geri qaytarma tarixi qeyd olunur.
Kitabların elmi qaydada işlənməsi isə kitaba şifrənin və kataloq kartoçkalarının yazılmasıdır. Kitablar elmi qaydada işlənərkən, yəni hansı elm sahəsinə aid olduğu təyin edilərkən təsnifat cədvəli kitabxanaçının qarşısında olmalıdır. Çünki elə kitablar var ki, iki və daha artıq elm sahəsinə aiddir. Bu zaman həmin kitabda hansı elm sahəsinə daha çox yer verilibsə həmin şöbənin indeksi əsas götürülür. Kitablar elmi qaydada işlənərkən kitabxanaçı əlifba xidmət kataloquna da müraciət edir. Yeni kitablar alınarkən kitabların kitabxanada olub-olmamasını müəyyənləşdirmək üçün onlar kataloqla tutuşdurulur. Əgər kitab vardırsa o zaman yeni kataloq kartoçkası yazılmır. Kitabın şifrəsi kitabların titul səhifəsinin baş sağ küncündə, kataloq kartoçkalarının və kitab formulyarlarının baş sol küncündə yazılır. Formulyarın baş sağ küncündə kitabın inventar nömrəsi yazılır. Müəllif işarəsi kitab müəllifinin soyadı, kitab müəllifsiz olduqda sərlövhənin ilk sözünün birinci hecası ilə təyin olunur.
Tədbirin sonunda elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə Naxçıvan şəhər (rayon) MKS-nin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak edib.